Mehdi Kuxiyan ağzını və qulaqlarını tikərək aclıq aksiyasına başladı – Marağa zindanında

Mehdi Kuxiyan ağzını və qulaqlarını tikərək aclıq aksiyasına başladı – Marağa zindanında

GünAz TV: Məlikanlı milli-mədəni fəal Mehdi Kuxiyan Marağa zindanında ağzını və qulaqlarını tikərək yenidən aclıq aksiyasına başlayıb. 

 

Xəbər verdiyimiz kimi, son günlərdə fəalın azadlığa buraxılması üçün 300 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb. Onun ailə üzvləri, o cümlədən xəstə anası davamlı olaraq təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilir. Azərbaycanlı fəal bu vəziyyətə etiraz olaraq yenidən aclıq aksiyasına başlayıb.

 

M.Kuxiyanın yaxınları onun hazırda Marağa zindanında ağır vəziyyətdə olduğu, mədə xorası və böyrək xəstəliklərindən əziyyət çəkdiyini bildiriblər. Onların sözlərinə görə, zindan məsulları Mehdini həkim müayinəsindən keçmək üçün müalicə müəssisəsinə aparmaqdan imtina edirlər.

 

M.Kuxiyan elan edib ki, səhhəti ilə bağlı hərhansı bir təhlükə yaranarsa, onun saxlanmasına səbəb olan Məlikan prokuroru Peyman Məhəmmədpur və bu şəhərin İran parlamentindəki millət vəkili Salman Xudadi bir başa məsuliyyət daşıyacaq.

 

M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalın, idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası, bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlandığı bildirilir.

 

M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.

 

Qanunsuz saxlanılmasına etiraz olaraq 2016-cı il dekabrın 21-də Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan fəal bir həftə sonra Təbriz “Sepah” Şöbəsinin təhlükəsizlik bölümünə köçürülmüşdür. “Sepah”ın təknəfərlik məhbəsində saxlanılan fəal yanvarın 22-də digər azərbaycanlı fəal Səccad Əfruziyanla birlikdə yenidən Marağa zindanına qaytarılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN