Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb

Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini Milad Əkbəri Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.


Fəal çağırış vərəqəsini avqustun 23-də təhvil aldıqdan sonra 5 gün ərzində məhkəməyə müraciət etməlidir.


Milad Əkbəri iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasında (Bəzz qalası) keçirilən yığıncaqda iştirak etdiyinə görə, daha 13 fəalla birlikdə saxlanılmışdır. M.Əkbəri və daha bir neçə fəal döyülərək yaxalandıqdan sonra Təbriz İslam inqilabı Keşikçilər Korpusunun (“Sepah”) təcridxanası, sonra isə Əhər zindanına intiqal edilmişdir. 8 gün saxlandıqdan sonra Əhər zindanından zəmanətə buraxılan fəallar, sistemin əleyhinə təbliğ və ictimaiyyəti təşvişə salmaq ittihamı ilə üzləşib. M.Əkbəri həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.


Xatırladaq ki, bundan öncə M.Əkbəri haqda çıxarılan 4 aylıq həbs qərarı Təbriz Apelyasiya Məhkəməsinin 19-cu Şöbəsi tərəfindən təsdiq edilib.

M.Əkbəri 2016-cı il iyunun 30-da Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq 16 gün saxlandıqdan sonra 2016-ci il iyulun 16-da Təbriz zindanının karantin bölümünə köçürülüb, nəhayət 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Fəalın dosyesinə Təbriz İnqilab Məhkəməsinin 7-ci Şöbəsində baxılıb, o sistemin əleyhinə təbliğ və əhalini qanunsuz yığıncağa təşviq etməkdə ittiham olunub. M.Əkbəri Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandığı zaman təhlükəsizlik qüvvələrinin qeyri-insani davranışlarına etiraz olaraq aclıq aksiyası keçirib.


M.Əkbəri həmçinin 2015-ci il Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) Əhər şəhərində daha bir neçə fəalla birlikdə uyğur türklərinə dəstək vermək, casusluq və bölücülük kimi saxta ittihamlara görə saxlanılmışdır.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN