Murtaza Muradpur məzuniyyət müddəti başa çatdıqdan sonra həbsxanaya qayıdıb

Murtaza Muradpur məzuniyyət müddəti başa çatdıqdan sonra həbsxanaya qayıdıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur bir həftəlik məzuniyyət müddəti başa çatdıqdan sonra bazar günü, iyulun 2-də Təbriz zindanına qayıdıb.

 

Azərbaycanlın fəalın iyunun 25-də bir həftəlik evə buraxıldığı bildirilir.

 

Fəal 2016-cı il dekabrın 29-da islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsinə etiraz olaraq 65 günlük aclıq aksiyası keçirdikdən sonra məhkəmənin şərti qərarı ilə azadlığa buraxılıb. O  2017-ci il martın 5-də İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) məmurları tərəfindən qanunsuz olaraq yenidən tutulub və Təbrizin mərkəzi zindanına aparılıb.

 

Fəalın dosyesi və qanunsuz saxlanılmasından dəqiq məlumatı olan etibarlı mənbə bildirir ki, “Murtaza 65 gün aclıq aksiyasından sonra 10 milyon tümənlik vəsiqə qarşılığında məhkəmənin şərti qərarı ilə azadlığa buraxılıb. Məhkəmənin qərarı müvəqqəti deyil, daimi xarakteri daşıyıb. Lakin o azadlığa buraxıldıqdan sonra məhkəmə məsulları yenidən qanun pozuntusuna yol veriblər. Hətta Zindana nəzarət edən müstəntiq Murtazanın məzuniyyətə buraxılması üçün girov qoyulan 150 milyon tümənlik vəsiqəni geri verməkdən imtina edib, bu şəkildə azərbaycanlı fəala qarşı təzyiqləri artırıblar.”

 

Məlumata görə, Murtaza “Sepah” məmurları tərəfindən yenidən yaxalandıqdan sonra, məhkəmə orqanlarından şikayət etmək qərarına gəlib. Bunu eşidən məsullar, azərbaycanlı fəalı şikayətdən çəkindirmək üçün girov qoyulan vəsiqəni zəbt edərək ona bildiriblər ki, şikayət edərsə, vəsiqə azad olunmayacaq, əks halda həbs müddətinin 6 ayı ləğv və girovluqda olan vəsiqə azad olunacaq. Azərbaycanlı fəal isə vəsiqəni girov qoyan şəxsi təzyiqlərdən qurtarmaq üçün şikayət etmək qərarından vaz keçib.

 

Murtaza, qardaşı Fərdin və daha bir neçə azərbaycanlı fəalla birlikdə 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında ana dildə təhsil tələbi ilə bağlı şüar səsləndirdiyinə görə yaxalanıb, təxminən 6 ay saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb. O sonralar sistemin əleyhinə təbliğ etmək və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN