Siyamək Mirzayi prokuror müavininə məktub yazıb: “Bu qanunsuz proses dayandırılmasa aclığa başlayacağam”

Siyamək Mirzayi prokuror müavininə məktub yazıb: “Bu qanunsuz proses dayandırılmasa aclığa başlayacağam”

GünAzTV: İranda azərbaycanlıların milli kimliyinin tanınması uğrunda dinc mübarizə apardığına görə Tehranın Evin zindanında saxlanılan tanınmış dinc fəal Siyamək Mirzayi, Tehran prokurorunun müavini Hacı Muradiyə məktub yazaraq işinə (dosyesinə) baxılması prosesinə mane olan kənar qüvvələrdən gileylənib.

 

Öz məktubunda qanunsuz həbsinə etiraz bildirərək saxlanma şəraitini açıqlayan, eləcə də müvəqqəti azadlığa buraxılması qarşılığında məhkəmənin ETTELAAT əməkdaşlarının təzyiqi ilə ailəsindən ağır mülki vəsiqə girovu tələb etməsinə toxunan Siyamək Mirzayi, barəsində irəli sürülən bütün ittihamları əsassız sayaraq rədd edib.

 

Azərbaycan türklərinin ana dilinin tanınması uğrunda ölkə qanunları çərçivəsində dinc fəaliyyət apardığına görə həbs edildiyini vurğulayan Siyamək Mirzayi, ailə üzvlərinə göstərilən təzyiq və təhdidlərdən danışaraq kənar qüvvələrin onun Apellyasiya Məhkəməsi prosesinə mane olmasının qarşısının alınmasını tələb edib: “Təhlükəsizlik qüvvələrinin işimə yenidən baxmaq istəyən Apellyasiya Məhkəməsi prosesinə açıq-aşkar  müdaxiləsi hamıya bəllidir. Hesab edirəm ki, siz mənə qarşı edilən bütün haqsızlıqlardan agah olmalı, baş verən bütün qanun pozuntularından xəbərdar olmalı, buna laqeyd yanaşmamalısınız. Bildirirəm ki, əgər mənə qarşı qanuna zidd bu proses dayandırılmasa, yenidən aclıq aksiyasına başlamaq məcburiyyətində qalacağam”.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, həmin gün, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN