Siyasi məhbus Siyamək Mirzayidən Tehran prokuroruna məktub – Səs Faylı

Siyasi məhbus Siyamək Mirzayidən Tehran prokuroruna məktub – Səs Faylı

GünAz TV: Tehranin Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi bu şəhərin Baharistan prokuroruna məktub ünvanlayaraq dosyesi ilə bağlı təhlükəsizlik qüvvələrinin məhkəməyə etdiyi təsirə kəskin etiraz edib.

 

Siyasi məhbus bütün fəaliyyətinin qanuna uyğun olduğunu, lakin ədalətsiz və qanunsuz şəkildə uydurma ittihamla üzləşdiyini qeyd edib.

 

Azərbaycanlı fəalın yazdığı məktub Səs Faylı şəkilində də yayılıb.

 

https://www.youtube.com/watch?time_continue=255&v=4fZJvpO0ros

 

“Bildiyiniz kimi, kimsənin təqib olunması, onun saxlanılıb mühakimə edilməsi və barəsində çıxarılan məhkəmə qərarı üçün qanuni arqument olmalıdır. Siz hansı dəlillə mənim ölkənin təhlükəsizliyinə qarşı cəmiyyət yaratdığımı iddia edirsiniz?! Mən heç bir dəlilə görə deyil, sadəcə Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarının tapşırığı əsasında saxlanılıb və həbs edilmişəm. Siz, müstəntiq Rəcəbi, hakim Həsəni və hakim Zərgər təhlükəsizlik qüvvələrinin göstərişi ilə məni cəmiyyət yaratmaqda günahlandırdınız. Lakin bu cəmiyyətin adını belə deyə bilmədiniz. Ona görə ki, reallıqda heç bir cəmiyyət yaradılmayıb. Hanı bu cəmiyyətin təsisçisi, üzvü, bəyanatı, əsasnaməsi, hədəfləri, proqramları, təhlükəsizliyə qarşı fəaliyyəti və s.

 

Mən 2010-cu ildə də (hicri-şəmsi təqvimi ilə 1389-cu il) bu uydurma ittihamla saxlanılmışdım, lakin məhkəmə həmin ittihama görə bir daha təqib olunmayım deyə qərar çıxarıb. Əgər siz də məsləhətlə deyil, ədalətlə yanaşsaydınız, o zaman təhlükəsizlik qüvvələrinin bu gülünc oyununa gəlməzdiniz.

 

Ana dilində təhsil tələbi, hansıki konstitusiyanın 15-ci maddəsində də ona işarə olunub, ölkə təhlükəsizliyinə qarşı təhdiddir?!

Hər kəs üçün vəzifə sayılan Urmu gölünün dəstəklənməsi, hansıki konstitusiyanın 50-ci maddəsində ona işarə olunur, ölkə təhlükəsizliyini təhdid etmək deməkdir?!

Öz hüquqları uğrunda fəaliyyətlərinə görə zindana düşən fəallara dəstək vermək, ölkə təhlükəsizliyinə qarşı təhdid sayılır?!

 

Siz məni təhlükəsizlik qüvvələrinin göstərişi ilə uydurma bir ittihamla həbs edibsiniz. 16 aydan çoxdur həbsdəyəm. Nə üçün, mənim məzuniyyət və digər qanuni hüquqlarımı təmin etmirsiniz?! Yoxsa siz məzuniyyətlə bağlı qərar verəndə də təhlükəsizlik qüvvələrindən icazə alırsınız?! Hanı konstitusiyanın 156-cı maddəsində işarə olunan  məhkəmə sisteminin müstəqilliyi?! Hanı əhaliyə qarşı ədalət və fərdi-ictimai hüquqların məhkəmə tərəfindən qorunması prinsipi?!

Sizcə, sizin davranışlarınız konstitusiyada dərc olunan maddələrə zidd deyil?!

 

Siz daha çox gec olmadan oyanın, özünüzə gəlin. Bir gün gələcək ki, insanlar hər şey, o cümlədən zindandakı hadisələrə görə, azadlıq uğrunda çalışan Azərbaycan övladının həyatı ilə bağlı sizi təqsirkar kimi qınayacaqlar. Siz hər şey üçün məsuliyyət daşıyacaqsınız”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Azərbaycanlı fəal bu şeirlə sözlərini yekunlaşdırıb:

“Haqq sel kimi dəryayə baxıb yol tapacaqdır

Daş atmaq ilə kimsə onu döndərə bilməz

Minlərlə qaranlıqla əgər birləşə bahəm

Bir xırdaca şamın işığın söndürə bilməz”

 

Siyamək Mirzayi öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi azərbaycanlı fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. 36 yaşlı Siyamək Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN