Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlirin saxlanma SƏBƏBİ

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlirin saxlanma SƏBƏBİ

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlir sentyabrın 22-də Təbrizin Qətran məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

 

Araşdırmalardan sonra məlum olub ki, Y.Hüseynzadə Dəlir digər türk öyrəncilərlə birlikdə türk dili və ədəbiyyatı ixtisasının gücləndirməsi istiqamətində atdıqları addımlara görə təhlükəsizlik orqanlarının qəzəbinə tuş gəlib. Öyrəncilər bu məqsədlə savadsız və Ettelaat İdarəsinin əlaltısı olan müəllimlər, həmçinin türk dili və ədəbiyyatı ixtisası qrupunun müdiri Əhməd Fərşbafiyanı tutduqları vəzifədən uzaqlaşdıra bilmişdilər.

Əhməd Fərşbafiyan Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının yaradılmasına qarşı olub, o öyrəncilərin bu ixtisasa cəlb olunmaması və ixtisasın ümumiyyətlə zəifləməsi üçün əlindən gələni edib.

 

Bütün bunları türk öyrəncilərinin qələbəsi kimi görən təhlükəsizlik orqanları bir müddət sonra öyrəncilərə qarşı tədbir almağa başlayəb. Deyilənlərə görə, sözügedən öyrəncilərin əksəriyyəti haqda Universitetin təhlükəsizlik bölümü (Hərasət), İnzibati Komitə, “Sepah”ın təhlükəsizlik bölümü və Ettelaat İdarəsində dosye quraşdırılıb.

Artıq son vaxtlar bu istiqamətdə gözə çarpan nailiyyətləri olan öyrəncilərin cəzalandırılması gözlənilən idi. Yaşar Qorxmaz adı ilə tanınan Y.Hüseynzadə Dəlir yaxalanmasından bir neçə gün əvvəl bildirmişdir ki, özünü “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşı kimi təqdim edən bir şəxs öyrəncinin evinə müraciət edərək qapının önündə onunla danışıb. O öyrənciyə çağırış vərəqəsini göstərərək ondan Təbriz Zindanının yanında yerləşən 37-cı binaya müraciət etməsini istəyib. Lakin Y.Hüseynzadə Dəlir məhkəmə hökmü təqdim edilmədiyi üçün çağırışı qanunsuz hesab edərək deyilən İdarəyə müraciət etməkdən imtina edib.

 

Bundan sonra Ettelaat İdarəsinə bağlı olan bayağı “Azəriha” saytı Y.Hüseynzadə Dəlir haqda böhtanla dolu bir yazı dərc edib. Yazıda azərbaycanlı öyrənci elə təqdim olunub ki, sankı onun təqib edilməsi çox vacib məsələdir. Bu şəkildə öyrəncinin  məhkəmə yerinə qərar verən təhlükəsizlik orqanları tərəfindən saxlanılmasına psixoloji zəmin yaratmağa çalışıblar.

 

Şahidlərin dediyinə görə, azərbaycanlı öyrənci Təbrizin Qətran məhəlləsində təhlükəsizlik orqanlarının 30-dan çox silahlı əməkdaşı tərəfindən döyülərək saxlanılıb, onun naməlum istiqamətə aparıldığı bildirilir.

 

Y.Hüseynzadə Dəlirin atası Təbriz Universitetinin təhsil məsələləri üzrə keçmiş rəis müavini olub, o universitetin tanınmış müəllimlərindən biridir.

Saxlanılan öyrənci digər türk öyrəncilərlə birlikdə türk dili və ədəbiyyatı ixtisası qrupunun müdiri Əhməd Fərşbafiyanın öz vəzifəsindən kənarlaşdırılması və bir neçə müəllimin türk dili ixtisasına cəlb olunmasında böyük rol oynayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN