Tehran Apellyasiya məhkəməsinin Siyamək Mirzayi ilə bağlı yekun qərarı açıqlanıb

Tehran Apellyasiya məhkəməsinin Siyamək Mirzayi ilə bağlı yekun qərarı açıqlanıb

GünAzTV: Tehran Apellyasiya məhkəməsinin tanınmış azərbaycanlı fəal Siyamək Mirzayi ilə bağlı yekun qərarı açıqlanıb.

 

Yekun qərar, iyulun 29-da müvəkkilinin işi ilə bağlı Tehran Apellyasiya məhkəməsinin 36-cı şöbəsinə müraciət edən Siyamək Mirzayinin vəkili Məhəmmədrza Fəqihiyə yazılı şəkildə təqdim edilib. Bildirilir ki, Apellyasiya məhkəməsi Siyamək Mirzayinin işinə yenidən baxaraq ilkin məhkəmənin ona çıxardığı 10 il həbs və 2 il sürgün hökmünü minimuma endirərək onu 3 il həbsə və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Milli zəmində apardığı dinc fəaliyyətinə görə 1 ildən çoxdur Tehranın Evin zindanında saxlanılan fəal Siyamək Mirzayinin Apellyasiya Məhkəməsi uzun çəkiş-bərkişlərdən sonra iyulun 12-də keçirilmişdi. Məhkəmə iclasına Siyamək Mirzayi ilə bərabər onun vəkili Məhəmmədrza Fəqihi və münsiflər heyəti qatılmışdı. 1 saat sürən məhkəmə prosesində müttəhim kürsüsündə əyləşən Siyamək Mirzayinin və onun vəkilinin son sözü dinlənilmişdi. İclasda özünü müdafiəyə qalxan Siyamək Mirzayi, günahsız olaraq həbsdə saxlanıldığını vurğulayaraq ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.

 

 

Qeyd edək ki, Siyamək Mirzayi, qanunsuz həbsinə, zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya məhkəməsinin ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə etiraz olaraq iyunun 17-dən aclığa başlasa da, iyulun 4-də tələbləri yerinə yetirildikdən sonra aclığı dayandırmışdı.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutmuşdular. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülmüşdü. Bundan əvvəl Tehran məhkəməsi, azərbacanlı fəalı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum etmişdi.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN