Tehranda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ

Tehranda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ

GünAz TV: İranda təhsil ocaqlarının açılışı ərəfəsində, paytaxt Tehranda azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb.

 

Azərbaycanlı milli-mədəni fəallar tərəfindən asılan posterlərdə mühəndis Siyamək Mirzayi və Dr.Lətif Həsəninin azadlığa buraxılması tələb olunur.

 

Kərəcin Rəcayişəhr həbsxanasında məhbus həyatı yaşayan Dr. Lətif Həsəni 9 il həbs cəzasına məhkum edilib, o təxminən 5 ildir həbsdədir.

2013-cü il aprelin 29-da Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi Dr. Lətif Həsənini daha bir neçə fəalla birlikdə qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il , toplam olaraq 9 il həbs cəzasına məhkum edib.

 

Hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan mühəndis Siyamək Mirzayi isə öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi azərbaycanlı fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. 36 yaşlı Siyamək Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına aparılıb.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN