40 illik bahalıq: İranda inflyasiya həddinin keçdiyi tarixə baxış

40 illik bahalıq: İranda inflyasiya həddinin keçdiyi tarixə baxış

GünAz TV: İranda iyul ayı ərzində inflyasiya həddi 40%-i aşmaqla, son 23 ildə rekord səviyyəyə qalxıb. Bu isə göstərir ki, əhali son 12 ayda hər ay ərzaq və xidmətlərin bahalaşmasının şahidi olub. Başqa sözlə desək, məhsul və xidmətlərdə bahalaşma davamlı olub və bir və ya bir neçə ayla məhdudlaşmayıb.

 

İranda İslam Republikası siyasi sisteminin qurulmasından bu günə qədər ötən 40 il ərzində hər zaman inflyasiya həddi yüksək olub, eləcə də məhsul və xidmətlərin qiymətlərində kəskin yüksəlmələr müşahidə edilib. Lakin bu 4 dekadada yalnız Həsən Ruhani hökuməti inflyasiyanı 24 ay müddətinə (iyun 2016- iyul 2018-red) 10%-dən aşağı həddə saxlaya bilib. Bununla belə, Həsən Ruhani hökumətini tənqid edənlər bildirirdilər ki, dövlət öz xərclərinə nəzarəti kəskinləşdirməklə bu “uğur”a nail olduğundan, o, ölkədə durğunluğa səbəb olub.

 

İranda inflyasiya Amerika Birləşmiş Ştatlarının 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxması, bunun ardınca həmin ilin avqustunda rəsmi Tehrana qarşı 1-ci sanksiyalar paketinin qəbul etməsiylə, yenidən yüksələn xətlə inkişaf etməyə başlamışdı. Elə ötən ilin yayından milli valyutanın öz dəyərini kəskin itirməyə başlaması keçmiş illərdə olduğu kimi, inflyasiyanın artmasına öz təsirini göstərdiyindən, Həsən Ruhani hökumətinin “uğur”u tezliklə son 23 ildə qeydə alınmış ən pis göstəriciyə çevrildi.

 

İnflyasiya həddi Mahmud Əhmədinejadın hakimiyyəti dövründə hələ ABŞ-ın 2011- 2012-ci illərdə İrana qarşı maliyyə və neft sahələrində sanksiyalar tətbiq etməsindən öncə də ölkənin yürütdüyü siyasətə görə, yüksək idi. Eləcə də, İran hökumətinin “müavinətləri səmərəli etmək” üçün ləğv etməsi, ölkədə bütün ailələrə nağd subsidiyalar ödəməsi və genişləndirici pul siyasəti inflyasiya həddini artıran səbəblərdən idi.

 

Məhəmməd Xatəminin prezidentlik dövründə inflyasiya nisbətən aşağı, lakin məhsul və xidmətlərin qiymətləri arada artırdı. Buna baxmayaraq, bu dövrdə insanlar bahalaşmanı çox hiss etmirdi. Amma valyuta qiymətinin bərabərləşdirilməsi inflyasiya həddinin yüksəlməsinə səbəb olmuşdu.

 

Əkbər Haşimi Rəfsəncaninin prezident olduğu illərdə isə İran İslam Respublikası siyasi quruluşu tarixində rekord inflyasiya həddi qeydə alınıb. Belə ki, 1994-cü ildə ölkədə inflyasiya həddi 25%-i aşmış, 1 il sonra rekord həddə- 49.4%-ə çatmışdı. Buna səbəb müharibədən sonra ölkənin iqtisadi quruluşunda edilən dəyişikliklər, neftin ucuzlaşması, dövlət gəlirlərinin kəskin azalması və yüksək məbləğdə xarici borcların ödənməsi idi.

 

40 il ərzində 2019-cu ilin yanvarında olduğu kimi, bəzi hallarda 40%-dən yuxarı inflyasiya həddi də qeydə alınıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN