Amerika İranın polad və mədən sənayesinə qarşı sanksiya qəbul edib-FOTOLAR

Amerika İranın polad və mədən sənayesinə qarşı sanksiya qəbul edib-FOTOLAR

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların qəbul edilməsi ilə bağlı fərman imzalayıb. Bu dəfə polad sektoru və mədən sənayesi hədəfə alınıb.

 

Fərmana əsasən, yeni sanksiyalar İran rejiminin qeyri-neft sektorundan ən böyük gəlir əldə etdiyi dəmir, polad, aliminium və mis sənayesini əhatə edir.

 

Tramp fərmanda İranın öz davranış və yürütdüyü siyasətləri dəyişmədiyi təqdirdə, rəsmi Tehrana qarşı daha kəskin addımlar atılacağını qeyd edib.

 

Bu fərmanın imzalanmasından bir neçə saat öncə Trampın xüsusi müşaviri Tim Morrison keçirdiyi mətbuat konfransı zamanı ABŞ-ın tezliklə İrana qarşı yeni sanksiyalarının qəbul ediləcəyi barədə anons vermişdi.

 

Tramp fərmanında nüvə razılaşmasına da kəskin tənqid edib və bildirib ki, bu razılaşmanın verdiyi imtiyazlardan İran rejimi sui-istifadə edib, terrorizmə göstərdiyi dəstəyi daha da artırıb və öz raket potensialını gücləndirib.

 

“Nüvə razılaşması İran rejiminə regionda gedən münaqişələri qızışdırmağa, eləcə də Amerika vətəndaşlarını ədalətsiz həbs etməsi və öz vətəndaşlarına qarşı amansız davranmasına imkan yaradıb”- deyə fərmanda vurğulanır.

 

Ötən bir il ərzində atılmış addımları effektiv dəyərləndirən Amerika prezidenti bunun sayəsində İranın daha terrorizmə əvvəlki qədər dəstək göstərə bilmədiyini, iqtisadiyyatının durğunluq yaşadığını, rejimin gəlirlərinin azaldığını və ölkədə inflyasiya həddinin nəzarətdən çıxdığını qeyd edib.

 

Fərmanda bu gün qəbul edilən sanksiyalarının İran ixracatının 10%-ni təşkil edən filiz sənayesini tamamilə əhatə etdiyi vurğulanır. Tramp həmçinin digər ölkələrə xəbərdarlıq edərək, bildirib ki, İrandan ixrac edilən polad və ya digər filiz sənayesi məhsullarının onların limanlarına daxil olmasına icazə versələr, Amerika buna göz yummayacaq.

 

Polat və filiz sənayesi məhsullarının İran ixracatında yeri aşağıdakı kimidir:

İran İnkişaf və Ticarət Təşkilatının məlumatına görə, bu ölkə hicri təqvimlə ötən bir il ərzində təqribən 3.9 milyard dollardan çox dəmir və dəmir məhsulları (çuqun, polad), eləcə də 700  milyon dollardan çox mis və mis məhsulları ixrac edib. Həmin müddətdə dəmir filizinin ixracatda yeri 840 milyon dollar olub.

 

 

Bütün bu məhsullardan əldə edilən gəlir İranın qeyri-neft məhsulları ixracatının 14%-ni təşkil edir. Lakin dövlətin qeyd edilən məhsulların həm daxili, həm də xarici bazarlarda satılmasından əldə etdiyi gəlirlər əhəmiyyətli dərəcədə yüksəkdir.

 

İran Sənaye Nazirliyinin rəsmi veb səhifəsindəki məlumatlara əsasən, ölkə ötən hicri ili ərzində təqribən 143 milyon ton mis, 35 milyon ton isə dəmir filizi istehsal etəsə də, aliminium istehsalı  elə də yüksək həddə deyil.

 

 

Polad sektorunda diqqət yetirilməli məsələ isə budur ki, İran qarşıdakı illərdə qeyd edilən məhsulun istehsalını daha da genişləndirməyi planlaşdırır. Hətta bu məqsədlə ölkədə hicri təqvimlə 1397-ci il ərzində 1396-cı ilə nisbətən polad istehsalı 18% artırılaraq, 25% milyon tona çatdırılmışdı.

 

Ə.A

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN