Çin İranla imzaladığı 5 milyard dollarlıq qaz müqaviləsindən çıxıb- FOTO

Çin İranla imzaladığı 5 milyard dollarlıq qaz müqaviləsindən çıxıb- FOTO

GünAz TV: İranın neft naziri Bijən Namdar Zenqanə Çinin CNPC şirkətinin İranla Cənubi Pars Qaz Yatağının 11-ci fazasının işlənməsilə bağlı imzaladığı müqavilədən çıxdığını deyib.

 

Nazir bildirib ki, ölkəsi qeyd edilən yatağın işlənməsi üçün xarici şirkətləri investisiya yatırmağa cəlb etməyə və Petropars adlı İran şirkətinin də onlardan iş prosesini öyrənməsinə maraqlı olub. Lakin Çin şirkətinin layihədən çıxmasıyla, yatağın işlənməsini artıq Petropars həyata keçirəcək.

 

Xatırladaq ki, 2017-ci ildə Fransanın Total, Çinin isə CNPC şirkəti gündəlik istehsal həcmi 56 milyon kub metr qaz olmaqla, bu layihənin icrası üçün İranla 4.7 milyard dollarlıq müqavilə imzalamışdı. Lakin Amerikanın 2018-ci ilin may ayının 8-də nüvə razılaşmasından çıxmasından sonra Total şirkəti layihənin icrasını dayandırmışdı.

 

Müqvilə imzalanan zaman payı 20%-dən az olan Petropars şirkəti indi 4.7 milyard dollar investisiyanın hamısını özü yatağın işlənməsinə yatırmalıdır.

 

İran Milli Qaz Şirkətinin rəsmi məlumatına əsasən, hazırda ölkənin bütün qaz istehsalının ¼-i sözügedən yatağın payına düşür. Ötən il ölkənin gündəlik qaz hasilatının həcmi 711 milyon kub metr təşkil edib.

 

Cənubi Pars Qaz Yatağının 11-ci fazasının işlənməsində ən mühüm cəhət bu və digər fazalarda hasilatın azalmasının qarşısını almaq üçün 20 min ton ağırlığında, 2.5 milyard dollar dəyərində bir neçə böyük kompressora malik platformanın tikilməsi planı idi. Platformanın tikilməsinin 2022-ci ilə qədər, yəni Cənubi Pars yatağının təzyiqinin kəskin azalmasına bir il qalmış başa çatması qərarlaşdırılmışdı. Bundan başqa, Cənubi Pars yatağının fazaları üçün mərhələli şəkildə ümümi dəyərləri 20 milyard dollar civarında olan təxminən 8-10 digər platformaların da tikiltisi müqavilədə nəzərdə tutulurdu.

 

Yatağın hazırki platformalarından 10 dəfə böyük olan bu formalı platformaları tikməyə yalnız Total və iki digər Qərb şirkəti qadirdir.

 

İran Milli Qaz Şirkəti həmçinin qeyd edir ki, Cənubi Pars yatağında təzyiqin kəskin azalması prosesi artıq başlayıb və onun yenidən gücləndirilməsi 3 ilə qədər vaxt alacaq. Buna görə də, bu müddət ərzində yatağın hasilatı günlük 28 milyon kub metr aşağı düşəcək.

 

Planlaşdırılmış 20 min tonluq platformalar qarşıdakı illərdə yataqda quraşdırılmasalar, Cənubi Parsın hasilatında ciddi geriləmə müşahidə ediləcək.

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Çin şirkəti də daxil olmaqla, digər şirkətlərin İranla imzalanmış sözügedən müqavilədən çıxmalarını alqışlayıb.

 

Departamentin sözçüsü Morqan Ortagus bildirib ki, Çinin CNPC müəssisəsi və digər 100 şirkət İranla ticari tərəfdaşlığı dayandırmaqla düzgün qərar qəbul ediblər.

 

Morqan Ortagus

 

“Şirkətlərin bu cür müqavilələrə görə, öz sərvətlərini Amerikanın sanksiyalarına məruz qoymalarına dəyməz”- deyə sözçü fikrini tamamlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN