Dünya Bankı: “İran əhalisinin gəlirləri hər ötən gün daha da azalır”

Dünya Bankı: “İran əhalisinin gəlirləri hər ötən gün daha da azalır”

GünAz TV: Dünya Bankının yeni hesabatı göstərir ki, İran əhalisinin adam başına düşən ümumi daxili məhsulun həcmi azalmaqdadır.

 

Hesabata əsasən, İran 441 milyard dollar ümumi milli gəlirlə dünya ölkələri arasında 26-cı yerdə olmasına baxmayaraq, 5470 dollar adam başına düşən ÜDM ilə 98 yerdə qərarlaşıb.

 

Bir müddət öncə İran Ali İş Şuraları Mərkəzinin əmək haqları üzrə şöbəsinin rəhbəri Fəraməz Tofiqi ölkə əhalisinin fəhlə təbəqəsinin alıcılıq qabiliyyətinin 90% azaldığını və bunun qarşıdakı aylarda əvvəlki formaya qayıda bilməsinin mümkün olmadığını demişdi.

 

O, bunun səbəbinin həmin təbəqənin gəlirlərinin ötən illərlə müqayisədə həddən artıq azalması, milli valyutanın dəyərdən düşməsi nəticəsində bahalaşma, bunun qarşılığında muzdların artırılmaması olduğunu bildirmişdi. Tofiqinin sözlərinə görə, hətta möcüzə belə baş versə, dolların məzənnəsi aşağı düşsə də, qarşıdakı bir neçə ayda bu təbəqənin alıcılıq qabiliyyətinin əvvəlki vəziyyətə qayıtması mümkün deyil, bunun üçün uzun zamana ehtiyac duyulacaq.

 

Ötən günlər ərzində “İsna” agentliyi İranda gündəlik tələbat mallarının bəzilərinin qiymətinin hətta 300 faizə qədər yüksəldiyi barədə məlumat dərc edib. Həmin xəbərə əsasən, tomatın 1 bankasının qiyməti ötən illə müqayisədə 296%, soğanın hər kilosunun qiyməti 245.6%, pomidor 143%, qənd 119.4%, qoyun əti 104%, mal əti 119%, toyuq əti 57%, düyü isə 67% bahalaşıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN