Əli Müvəyyidi: “İranda əmtəə və valuta qaçaqmalçılığının həddi illik 12.5 milyard dollardır”- Foto

Əli Müvəyyidi: “İranda əmtəə və valuta qaçaqmalçılığının həddi illik 12.5 milyard dollardır”- Foto

GünAz TV: İranın Əmtəə və Valyuta Qaçaqmalçılığı ilə Mübarizə Qərargahının sədri Əli Müvəyyidi ölkədə hər il 12.5 milyard dollar həcmində məhsul və valyuta qaçaqmalçılığının baş tutduğunu deyib.

 

Qərargah daha öncəki statistikalarında ölkəsə qaçaqmalçılığın 2013-cü ildə 25 milyard dollardan 2017-ci ildə 12.9 milyard dollara endiyini bildirirdi. Həmin statistikalara əsasən, 2017-ci ildə edilmiş qaçaqmalçılığın 12 milyard dolları idxalatın, 900 milyon dolları isə ixracatın payına düşmüşdü.

 

Əli Müvəyyidinin ölkədə qaçaqmalçılığın azalması ilə bağlı dediklərinin əksinə olaraq, ötən illər ərzində dəfələrlə İrandan hər gün milyonlarla dollar həcmində benzin və dizel yanacağının qaçaq yolla ölkədən çıxarılıb, digər ölkələrdə satıldığı ilə bağlı hesabatlar yayımlanıb.

 

Eləcə də, ötən il İranda milli pul vahidlərinin öz dəyərini kəskin itirməsi ölkədən yanacaq, heyvan və digər məhsulların xarici ölkələrə qaçaq yolla aparılması hallarının artmasına səbəb olub. Xüsusilə də, “Sepah”ın ölkədən məhsulların qaçaq yolla İraq və digər ölkələrə aparıb, baha qiymətə satması və milyardlarla dollar gəlir əldə etməsi ilə bağlı faktlar mövcuddur. 

 

 

Digər tərəfdən, İran Ev Ləvazimatları Assosiasiyasının idarə heyətinin üzvü Məhəmmədrza Fərivəri bu yaxınlarda bildirmişdi ki, ölkədə əmtəə qaçaqmalçılığı kəskin dərəcədə artıb və hətta yüksək həcmli məhsulların qaçaqmalçılığı da çox asanlıqla həyata keçirilir. O, müxtəlif qurumların qaçaqmalçılara kömək etdiyini də dilə gətirmişdi.

 

Ümumiyyətlə İranda “Sepah” və polis orqanlarının bu işlə məşğul olanlarla əlbir olması və ya qaçaqmalçılığın birbaşa bu qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı söhbətlər uzun illərdir ki,cərəyan edir. Hələ Mahmud Əhmədinejad prezident olarkən “Sepah”ın ildə milyardlarla dollar həcmində qaçaqmalçılıq etdiyini demişdi. Bundan başqa, bir müddət öncə İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü Həsən Novruzi də Sepah”, polis orqanları və digər dövlət qurumlarının birbaşa və ya dolayısı ilə qaçaqmalçılıqla məşğul olduğunu bildirmişdi. "Sepah" həmçinin hər il narkotik vasitələrin qaçaqmalçılığından da böyük miqdarda gəlir əldə edir.

 

 

Müxtəlif hesabatlarda təkcə “Sepah” tərəfindən həyata keçirilən qaçaqmalçılığın həcminin illik 30-40 milyard dollar arasında dəyişdiyi bildirilir.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN