İran büdcəsindən neft gəlirləri çıxarılır

İran büdcəsindən neft gəlirləri çıxarılır

GünAz TV: İran Büdcə Planlaşdırılması Təşkilatının sədri Məhəmmədbağır Növbəxt Həsən Ruhani hökumətinin ölkə tarixində ilk dəfə olaraq iki il üçün büdcə layihəsi hazırlayacağını bəyan edib.

 

Onun sözlərinə görə, sözügedən büdcə layihəsində sanksiyalar səbəbindən neft gəlirləri cari xərclərin qarşılanması üçün nəzərdə tutulmayacaq.

 

Növbəxt qeyd edib ki, 1399 və 1400-cü illəri (mart 2020-mart 2022-red.) əhadə edəcək büdcə layihəsi enerji subsidiyalarıyla bağlı qəbul edilmiş digər proqramla birlikdə dekabr ayında Milli Məclisə təqdim ediləcək.

 

İran qanunlarına görə, dövlət büdcə layihəsini yalnız 1 il üçün hazırlayıb, Parlamentə təqdim etməlidir. Bu hal ölkə tarixində ilk dəfədir yaşanır.

 

Büdcə Planlaşdırılması Təşkilatının sədri növbəti iki il üçün dövlət büdcəsiylə yanaşı, 3 proqram da baxılması üçün Milli Məclisə təqdim ediləcək.

 

Həmin proqramlardan biri subsidiyalarla bağlıdır. Bu proqram bütün büdcə və qeyri-büdcə subsidiyalarını gizli və ya aşkar olmasından asılı olmayaraq, əhatə edəcək.

 

Bundan öncə də hər 3 sistemin rəhbərinin toplantısında subsidiyalarla bağlı qərar qəbul edildiyi deyilsə də, onun detalları açıqlanmamışdı.

 

Bir müddət öncə media orqanları benzinin qiymətinin bahalaşacağıyla bağlı xəbərlər dərc etsələr də, dövlət bunu təsdiq etmişdi.

 

Beləliklə, növbəti iki il üçün nəzərdə tutulmuş büdcə layihəsi və proqramlarda subsidiyaların kəsiləcəyi və enerji daşıyıcılarının qiymətlərinin bahalaşacığının yer aldığını düşünmək olar.

 

Cari ilin büdcə layihəsində Həsən Ruhani hökumətinin enerji daşıyıcılarının qiymətlərinin yüksəldilməsini təklif etməsinə baxmayaraq, Milli Məclisdə aparılan müzakirələr zamanı bu təklif xalq etirazlarına səbəb olacağı düşünülərək, rədd edilmişdi.

 

Məhəmmədbağır Növbəxt bu gün etdiyi açıqlamada həmçinin bildirib ki, növbəti iki il üçün nəzərdə tutulmuş büdcə layihəsində neft gəlirləri büdcəyə daxil edilməyib və buna görə də, ona alternativ olaraq digər mali mənbələr tapılmalıdır. Rəsminin sözlərinə görə, neft gəlirləri yalnız tikinti işlərinə sərf ediləcək.

 

Lakin Növbəxt neft gəlirləri əvəzinə dövlətin hansı maliyyə mənbəyindən istifadə edəcəyini açıqlamayıb.

 

Qeyd etmək lazımdır ki, İranın hər il təsdiqlənmiş dövlət büdcəsinin daxilolmalarının 50%-dən çoxu neftdən əldə edilən pulların payına düşür. Cari ilin büdcəsində dövlətin xərcləri isə 320 trilyon tüməndən çox göstərilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN