İran neft ixracatının həcminin günlük 300 min barelə düşdüyünü təsdiqləyib

İran neft ixracatının həcminin günlük 300 min barelə düşdüyünü təsdiqləyib

GünAz TV: İran Planlaşdırma və Büdcə Təşkilatının rəhbərinin iqtisadi və koordinasiya işləri üzrə müavini Həmid Purməhəmmədi cari il üçün nəzərdə tutulmuş ölkə büdcəsinin yenidən tənzimləndiyini deyib.

 

Purməhəmmədinin sözlərinə görə, dəyişiklik nəticəsində 1398-ci il (21 mart 2019- 21 mart 2020-red.) büdcəsi 448 trilyon tümən məbləğində, gündəlik neft ixracatının həcmi isə 300 min barel miqdarında təyin edilib.

 

Müavin həmçinin qeyd edib ki, ötən ilin büdcə layihəsi gündəlik 1 milyon 500 min, inişilin layihəsi isə 2 milyon 680 min barel neft satışına əsasən tənzimlənmişdi.

 

Qeyd etmək lazımdır ki, İran hökuməti bu il üçün nəzərdə tutulmuş büdcə layihəsində neft və qaz konsendantın satışını günlük 1.5 milyon bareldən çox göstərmişdi və Milli Məclis də onu təsdiq etmişdi.

 

Bir müddət öncə Həsən Ruhani administrasiyasının iki yüksək vəzifəli rəsmisi büdcə daxilolmalarının azalmasına görə, xərclərin 62 trilyon tümən azaldıldığını demişdi. Lakin onlar 1398-ci il büdcəsinin gündəlik 300 min barel neft satışına uyğun olaraq yenidən hazırlandığı barədə heç nə bildirməmişdilər.

 

Amerika Birləşmiş Ştatlarının 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxmasından öncə İranın günlük neft satışının həcmi 2.5 milyon barel idi. 2018-ci ilin noyabr ayından 2019-cu ilin may ayına, yəni ABŞ-ın yalnız 8 ölkəyə istisna kimi İrandan neft almağa icazə tanıdığı müddətin bitməsinə qədər olan dövrdə İranın günlük neft ixracatı 1 milyon barelə qədər enmişdi. Bu müddətin başa çatmasından sonra isə naviqasiya şirkətləri və “Reuters” agentliyi İranın ixrac etdiyi qara qızılın günlük 300 min bareldən aşağı düşdüyü barədə məlumatlar yayırdılar. Rəsmi Tehran isə son aylar ərzində neft ixracatı ilə bağlı statistika dərc etmir.

 

Həmid Purməhəmmədi sonda iddia edib ki, ölkəsi büdcə quruluşunda dəyişikliklər etməklə, neftdən asılılığı “təqribən sıfıra qədər endirməyə” nail olub.

 

Cari il üçün nəzərdə tutulmuş büdcə layihəsində İranın neft və qaz satışından əldə edəcəyi vəsaitin həcmi 142.5 trilyon tümən göstərilmişdi. Bu isə ötən ilin büdcə layihəsinə nisbətən 43 faizlik artım nümayiş etdirirdi.

 

Digər tərəfdən, layihədə ölkənin gündəlik neft və qaz konsendantı ixracatı 1 milyon 540 min barel, neftin 1 barelinin qiyməti isə 54 dollar proqnozlaşdırılmışdı. Hazırda İran neftindən bir neçə dollar baha olan brend markalı neftin 1 barelinin qiyməti 64 dollardır. Buna görə də, İranın neft ixracatının kəskin azaldığını nəzərə aldıqda, ölkənin cari qiymətlərlə qara qızıl satışından əldə edilən vəsaitdən asılılığının sıfıra düşməsini iddia etmək əsassızdır.

 

Rəsmi statistikalara əsasən, İran büdcəsinin neft gəlirlərindən asılılığı ən yaxşı halda 33.3%, ən pis halda isə 40.8% hesab edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN