İran Vergilər Departamenti 20 sikkədən artıq qızıl alanlara vergi tətbiq edib

İran Vergilər Departamenti 20 sikkədən artıq qızıl alanlara vergi tətbiq edib

GünAz TV: İran Vergilər Departamentinin yaydığı məlumata görə, 2018-ci ilin mart ayından etibarən 20 sikkədən artıq qızıl almış şəxslər vergi ödəməli olacaqlar.

 

Bununla bağlı qəbul edilmiş yeni qərara əsasən, 20-dən 60-a qədər qızıl sikkə alanlar hər sikkəyə görə 150 min, 60-dan 100-ə qədər alanlar 200 min, 100-dən 200-ə qədər alanlar isə 250 min tümən vergi ödəməli olacaqlar.

 

Bundan əlavə, 200-dən çox sikkə almış şəxslər vergi bəyannaməsi təqdim etməli, 20-dən aşağı sikkə alanlar isə vergilərdən azad olacaqlar.

 

Qərara əsasən, vergi ödəməli olan şəxslər pulu bütöv şəkildə ödəmək istəsələr, bunu 21 iyun tarixinə qədər etməlidirlər. Qərarda həmçinin verginin 4 ay ərzində hissəli şəkildə ödənməsi də nəzərdə tutulub. Vergidən yayınan şəxslər isə cərimə ediləcəklər.

 

Vergilər Departamentinin məlumatında qeyd edilir ki, bu qərar qızıl alış-verişi ilə bağlı lisenziya təqdim edilmiş şəxslərə şamil edilmir. Eləcə də, hələ ki, sifariş etdikləri sikkələri almayanlar vergi göstərişləri ilə bağlı məhkəməyə müraciət edə bilərlər.

 

Qeyd etmək lazımdır ki, Amerikanın ötən il rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsi nəticəsində İran milli pul vahidləri öz dəyərini 70-dən çox itirib. Bundan sonra insanlar vəsaitlərini qızıla və ya xarici valyutaya çevirməyə başlayıblar.

 

İran Mərkəzi Bankının yaydığı statistikaya əsasən, hicri təqvimlə 1397-ci ildə (21 mart 2018- 21 mart 2019-red.) 7 milyon 650 min “Azadlıq Baharı” növündən olan sikkə öncədən sifariş edilib. Onlardan 5 milyon 9 min sikkə həmi il müştərilərə təqdim edilsə də, 1 milyon 340 mini bu il, 408 mini isə 1399-cu il (21 mart 2020- 21 mart 2021-red.) alıcılara təhvil veriləcək.

 

“Azadlıq Baharı” növündən olan sikkələrin 1-nin qiyməti ötən il təqribən 1 milyon 700 min tümən olub. Bu gün isə bu rəqəm 4 milyon 550 min tüməndən artıqdır.

 

Mütəxəssislər bildirirlər ki, Amerikanın İranın neft ixracatına qoyduğu sanksiyalar ölkənin gəlirlərinin azalmasına səbəb olub. İran rəsmiləri büdcəni doldurmaq, eləcə də xaricdə fəaliyyət göstərən “Hizbullah”, “Həşdəş-Şəbi”, “Taliban” və husilər hərakatı kimi terror qruplaşmalarına yardımları davam etdirmək üçün vergiləri qaldırıb, bu pulları xalqdan əldə edir. Yaxın gələcəkdə bir neçə digər sahədə də yeni vergilərin tətbiq ediləcəyi gözlənilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN