İrandan Türkiyəyə köçən orta təbəqə qrupundan olan insanların sayı kəskin surətdə artıb

İrandan Türkiyəyə köçən orta təbəqə qrupundan olan insanların sayı kəskin surətdə artıb

GünAz TV: İranda iqtisadi vəziyyətin ağırlaşması və kəskin korrupsiya səbəbindən bu ölkədən Türkiyəyə köçən orta təbəqə qrupuna aid insanların sayı sürətlə artır.

 

“Sunday Times” qəzetinin məlumatına əsasən, 2019-cu ildə 30 min İran vətəndaşı Türkiyəyə pənah aparıb. Əhalinin sekulyar, təhsilli və iş adamları kateqoriyalarından olan bu insanlar İranda həyat şəraitinin təqribən iflic olması və dini qayda-qanunlar səbəbindən qonşu ölkəyə köçməyə məcbur olublar.

 

3 il öncə Türkiyəyə köçmüş Məryəm adlı İran vətəndaşı qəzetlə müsahibəsində bu ölkədə yaşamağın çox rahat olduğunu deyib.

 

“Hazırda İranda yaşamaq qeyri-mümkün vəziyyətə gəlib. İqtisadi vəziyyət ağırdır, eləcə də son etirazlar zamanı rejimin vətəndaşları qətliam etməsi cəmiyyətdə böyük xofa səbəb olub. Neçə gündür anamdan xəbərim yoxdur”, - deyə Məryəm əlavə edib.

 

İranlı varlı insanlar Türkiyənin qaydalarına əsasən, 250 min dollardan yuxarı məbləğdə bu ölkəyə sərmayə yatırmaqla, digər ölkələrdən daha asan prosedurla Türkiyə vətəndaşlığını əldə edə biliblər. Onlar cari ilin ilk 8 ayı ərzində Türkiyənin müxtəlif bölgələrində 3 mindən çox ev alıblar. Bu isə 2018-ci ilin oxşar dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

 

“İranlılar ölkələrində əmin-amanlıq olmadığı üçün yaşamaq üçün Türkiyəyə gəlirlər. Onlar burda özlərini rahat hiss edirlə, istədikləri formada yaşaya və geyinə bilirlər”, - deyə türkiyəli hüquqşünaslardan biri qəzetə verdiyi açıqlamada bildirib.

 

Beynəlxalq Böhran Qrupunun araşdırmaçısı Əli Vaiz insanların, xüsusən də cavanların İranı tərk etməsini bir çox səbəblərlə bağlayır. O, qəzetlə müsahibəsi zamanı qeyd edib ki, rejim tərəfindən müxalif düşüncəyə qarşı dözümsüzlük, işıqlı gələcək qurmaq üçün heç bir fürsətin olmaması, dövlətin islahat aparmaq gücünün və səlahiyyətinin olmaması və digər bu kimi amillər İran vətəndaşları içərisində ümidsizliyə səbəb olub.

 

“İran hökuməti vətəndaşlarının tələblərini yerinə yetirmək əvəzinə, baş verən hər bir hadisəyə görə düşmənləri günahlandırmaqla məşğuldur”, - deyə tədqiqatçı fikrini tamamlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN