“Petroleum Economist” İran neft sənayesinin müflis olmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirib

“Petroleum Economist” İran neft sənayesinin müflis olmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirib

GünAz TV: İqtisadi dərgi olan “Petroleum Economist” neft ixracatının kəskin azalmasına görə İran neft sənayesinin iflas etmək təhlükəsi ilə üz-üzə qaldığını yazıb.

 

Dərginin yaydığı məqalədə qeyd edilir ki, 2016-cı ildə nüvə razılaşmasının icra mərhələsinə qədəm qoymasından sonra İranın neft sənayesinin inkişaf edəcəyi və bu sektora xarici investorların cəlb ediləcəyi ilə bağlı ümidlər yaranmışdı. Lakin 2018-ci ildə Amerikanın İrana qarşı yenidən sanksiyalar tətbiq etməsindən sonra bu sənaye öz mövcudluğunu qoruyub saxlamaq uğrunda mübarizə aparır.

 

Hazırda İran üçün mövcud neft ixracatının həddini qoruyub saxlamaq bu sektorun inkişaf etdirilməsindən daha çox əhəmiyyət daşıyır və bu siyasət rəsmi Tehran üçün prioritetdir. Lakin bununla belə, neft sənayesinin bir hissəsi durğunluq yaşamaqdadır və neft istehsalını əvvəlki səviyyəyə qaytarmaq böyük problemə çevrilib.

 

İran neft sənayesindən böyük Avropa şirkətlərinin çıxmasına baxmayaraq, böyük ehtimalla Rusiya və Çin bu sənayeyə investisiya qoyuluşunu davam etdirəcəklər.

 

Xatırladaq ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəsmi Tehrana qarşı tətbiq edilmiş nüvə sanksiyaların yenidən qüvvəyə minməsini bildirərək, ölkəsinin İranla 5+1 ölkələri arasında imzalanmış sazişdən çıxdığını elan etmişdi. Həmin ilin noyabr ayının əvvəllərində isə İranın neft və qaz ixracatını sıfıra endirmək üçün bu sektorlara qarşı da embarqo tətbiq edilmişdi.

 

Bu sanksiyalardan sonra İran neft sənayesi kəskin problemlərlə üzləşməkdədir. Belə ki, İran tərəfindən birjalara çıxarılan xam neft müştəri tapmaqla bağlı böyük problemlər yaşayır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN