“Reuters” İranın Amerika sanksiyalarını pozmaqla gizli mazut ixracatı barədə məlumat dərc edib

“Reuters” İranın Amerika sanksiyalarını pozmaqla gizli mazut ixracatı barədə məlumat dərc edib

GünAz TV: “Reuters” agentliyində İranın Amerika sanksiyalarını sanksiyalarını pozmaqla gizli mazut ixracatı yolları barədə məlumat dərc edilib.

 

Mazut İran ixracatında ən böyük paya sahib olan neft məhsullarından biri hesab edilir. İran Neft Nazirliyinin statistikasına əsasən, bu ölkə hicri təqvimlə ötən il (21 mart 2018- 21 mart 2019-red.) dəyəri 8 milyard dollardan çox ölçülən təqribən 18.7 milyard litr mazut ixrac edib.

 

Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxdıqdan sonra noyabr ayında İranın neft və qaz sektoruna qarşı sanksiyalar tətbiq edib. Bunun ardınca İran neft satışı kimi mazut ixracatında da böyük problemlərlə üzləşib.

 

Daha öncələr İranın Amerika sanksiyalarını pozmaqla xam neft ixracatı üçün müxtəlif gizli yollara yönəlməsi barədə xəbərlər yayılırdı. Lakin bu dəfə “Reuters” İranın iki tankerlə gizli yollarla Asiyaya mazut göndərməsi ilə bağlı məlumat dərc edib.

 

Məlumatda qeyd edilir ki, tankerlərin sənədlərində məhsulların İraqa məxsus olduğu bildirilir. Lakin İraq sənaye mənbələrini, eləcə də bir Birləşmiş Ərəb Əmirliyinin tanker şirkətinin sənədlərini araşdırmaqla aydın olur ki, bu mazut İrandan Asiyaya göndərilib.

 

Lakin neft daşıyan gəmiyə məxsus sənədləri saxtalaşdıran şəxslərin kim olduğu barədə məlumat yoxdur.

 

Rəsmi məlumatlarda 300 tonluq “Grease 1” adlı tankerin 10-12 dekabr tarixində İraqın Bəsrə limanında mazutla yükləndiyi qeyd edilir. Amma “Reuters”in araşdırmasına əsasən, bu tanker qeyd edilən günlər ərzində Bəsrə limanında olmayıb və limanın sənədlərində də onun burada olduğu barədə heç bir qeyd yoxdur.

 

Agentlik 4 böyük beynəlxalq tanker izləmə şirkətinə də məsələ ilə bağlı sorğu göndərib və onlar verdikləri cavablarda “Grease 1” adlı tankerin 30 noyabr- 14 dekabr tarixləri arasında öz siqnal sistemini söndürdüyünü, bununla da bu müddət ərzində naviqasiya və radar sistemlərindən yayındığını bildiriblər. Lakin tanker 14 dekabrda gözlənilmədən Əsəluyə limanında yüklənərkən müşahidə edilib.

 

Daha sonra “Grease 1” BƏƏ-yə yola düşüb və orada yükü 2 ayrı tankerə yükləyib, sonuncular isə fevral ayında qəbul etdikləri yükü Sinqapura çatdırıblar. Bu yükün həcmi 284 min ton, qiyməti isə 120 milyon dollar civarında olub.

 

“Reuters” qeyd edilən məsələ ilə əlaqəli iranlı rəsmilər və Sinqapur Gömrük İdarəsindən məlumat almaq istəsə də, qarşı tərəflər agentliyə cavab verməkdən boyun qaçırıblar. Sinqapur şirkətlərindən birinə məxsus olan “Grease 1” Panama bayrağı ilə üzür, yəni bu ölkədə qeydiyyata alınıb.

 

Əvəllər İran tankerlərinin beynəlxalq sularda Panama bayrağı ilə üzdüyü barədə məlumatlar yayılırdı. Buna xüsusda Amerika Birləşmiş Ştatlarının Panamaya xəbərdarlıq etməsindən sonra bu ölkə ən azı 21 İran tankerini gəmilərin qeydiyyat siyahısından çıxarıb. Hazırda İran Amerika sanksiyalarını pozmaq üçün Panamanın əvəzinə Vyetnam kimi digər ölkələrin bayraqlarından istifadə etməyə çalışır.

 

Amerika rəsmi Tehrana qarşı sanksiyalar qəbul etdikdən sonra İran neft ixracatına davam etmək üçün müəyyən üsullara əl atıb. Bunlarda biri gəmilərin naviqasiya sistemlərini söndürmək, digəri isə tankerlərin başqa ölkələrin bayraqları altında üzməyini təmin etməkdir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN