Ruhani hökuməti gələn il üçün hazırladığı büdcə layihəsində dini mərkəzlərə ayrılan vəsaitləri artırıb- Araşdırma

Ruhani hökuməti gələn il üçün hazırladığı büdcə layihəsində dini mərkəzlərə ayrılan vəsaitləri artırıb- Araşdırma

GünAz TV: İran prezidenti Həsən Ruhani ötən gün 1399-cu il (mart 2020- mart 2021-red.) nəzərdə tutulmuş büdcə layihəsini Milli Məclisə təqdim edib. O, büdcə layihəsini “sanksiyalar qarşısında müqavimət” adlandırıb.

 

Layihəni incələyərkən nəzərə çarpır ki, gələn ilin büdcə layihəsində elmi- hövzələr adlandırılan dini mədrəsələr və İrana xarici tələbələri cəlb edən əsas mərkəz hesab edilən Beynəlxalq Əl-Mustafa Universitetinə ayrılan maliyyədə böyük dəyişiklik yoxdur, əksinə bəzi hallarda bu növ qurumlar üçün nəzərdə tutulmuş maddi vəsaitin məbləği daha da artırılıb.

 

Gələn ilin büdcə layihəsində ölkə xaricində fəaliyyət göstərən dini qurum və mərkəzlərə veriləcək pulların miqdarında da artım müşahidə olunur. 2008-ci ildə rəsmən fəaliyyətə başlamış, mərkəzi Qum şəhərində yerləşən Beynəlxalq Əl-Mustafa Universiteti bu siyahıda başda gələn müəssisələrdəndir. Universitet rəhbərliyi 130 ölkədən tələbə cəlb etdiyini və İranın istədiyi formada “şiə məzhəbi”ni təbliğ edən 80 mərkəzə yardım etdiyini deyir.

 

Bu müəssisənin dəstəklədiyi və yetişdirdiyi tələbələr xristian missionerlər kimi, dünyanın müxtəlif ölkələrinə səpələnərək, İranın siyasi şiəlik və vilayəti-fəqih ideologiyalarını yaymaqla məşğul olurlar. Gələn ilin büdcə layihəsində quruma 317 milyard 320 milyon tümən vəsait ayrılması nəzərdə tutulub. Bu isə cari illə müqayisədə 12 milyard çoxdur.

 

İranın Mədəniyyət Nazirliyinin nəzarəti altında ölkə xaricində “mədəni fəaliyyət”lə məşğul olan qurum- Mədəni və İslami Əlaqələr Təşkilatının bu il 220 milyard tümən təşkil edən büdcəsi də gələn il artırılaraq 241 milyarda çatdırılacaq.

 

Gələn il “Əhli-Beyt Beynəlxalq Universiteti”nin büdcəsi də 11 milyard tüməndən 12.5 milyarda qədər artırılacaq.

 

“İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyası” və “Əhli-Beyt Beynəlxalq Assambleyası” adlı dini qurumların büdcələri isə gələn il müvafiq olaraq 37 milyarddan 32 milyarda və 48 milyarddan 40 milyard tümənə qədər azaldılacaq. Bununla belə, ölkə xaricində İran rejiminin siyasi şiə təfəkkürünü və vilayəti-fəqihi yaymaq, bu istiqamətdə xarici tələbələri yetişdirməklə məşğul olan yuxarıda sadalanmış qurumlara 1399-cu ildə ayrılan vəsaitləri cəmləşdirəndə, məlum olur ki, onlara cari ildə ümumilikdə verilmiş 622 milyard pul gələn il 641 milyarda qədər yüksəldiləcək.

 

Lakin 1399-cu ildə ölkə daxilində fəaliyyət göstərən bəzi dini mədrəsə və qurumlara ayrılan vəsaitlərdə çox cuzi azalma müşahidə olunur. Gələn il onlara ümumilikdə 2019 milyard tümən vəsait köçürülməsi planlaşdırılır. Bu isə cari illə müqayisədə 65 milyard tümən, digər sözlə desək, 3% azalma təşkil edəcək.

 

Digər tərəfdən, dini mərkəz və qurumlara tabe olan kiçik müəssisə və təşkilatların da gələn il üçün nəzərdə tutulmuş ümümi büdcəsində təqribən 3% artım nəzərə çarpır. Belə ki, onlara cari il 1007 milyard tümən təşkil edən ümumi büdcəsi 1399-cu ildə 27 milyarda qədər yüksələcək.

 

Gələn ilin büdcə layihəsində hər il olduğu kimi, hazırki və sabiq “dini liderlə”- Əli Xamneyi və Ruhullah Xomeyniyə bağlı müəssisələrin bəzilərinə ayrılacaq pullarda artım müşahidə olunur.

 

Xamneyinin oğlu Məsud Xamneyi tərəfindən idarə olunan, onun əsərlərinin nəşri və təbliği ilə məşğul olan “İslam İnqilabı Tədqiqat və Mədəniyyət Müəssisə”sinin büdcəsi 29 milyarddan 34 milyard tümənə qaldırılacaq.

 

1399-cu ildə büdcədən Ruhullah Xomeyninin ailəsinin idarə etdiyi “İmam Xomeyninin Əsərlərinin Nəşri Müəssisəsi”nə 32 milyarddan çox, Xomeyninin məqbərəsinə 23, eləcə də “İmam Xomeyni və İslam İnqilabı Araşdırma Mərkəzi”nə 10 milyard tümən ayrılacaq. Beləliklə, Xomeyninin ailəsi həmin müəssisələr üçün gələn il büdcədən təqribən 66 milyard tümən əldə edəcək.

 

Lakin hər iki “dini lider”in əsərlərini nəşr edən qurumlara ayrılan büdcə növbəti il cüzi, yəni 4 milyard azalma ilə, 90 milyard tümən təşkil edəcək.

 

Yuxarıda sadalanan sahələrdə fəaliyyət göstərən dini qurumlara ayrılacaq vəsait ümumilikdə 3 trilyon 874 milyard tümən təşkil edəcək, hansı ki, bu rəqəm cari ildə 3 trilyon 807 milyard tümən idi.

 

Ruhaninin “sanksiyalar qarşısında müqavimət” adlandırdığı büdcə layihəsi isə dini qurum və mərkəzlərə ayrılan vəsaitlərinin nəinki azaldılmadığını, əksinə təqribən 70 milyard tümən artırıldığını nümayiş etdirir. Lakin bu rəqəm ölkənin dini mərkəzlərə ayırdığı bütün pulları əks etdirmir. Belə ki, ölkənin bütün dövlət qurumlarında fəaliyyət göstərən Bəsic qüvvələrinin və “dini lider”in nümayəndəlikləri, eləcə də dini təbliğatla məşğul olan qurumların mərkəzləri həmin qurumlara ayrılan büdcə vəsaiti vasitəsilə maliyyələşirlər. Buna görə də, İran hökuməti onlara ayrılan vəsaitləri dini qurumlara ayrılan büdcəyə daxil etmir.

 

Qeyd etmək lazımdır ki, İranda benzinin qiymətinin bahalaşdırılmasına qarşı keçirilmiş xalq etirazları zamanı əhalinin əsas tələblərindən biri mədrəsələr və dini mərkəzlərə kimi qeyri-zəruri müəssisələrə ayrılan maliyyə vəsaitlərinin dayandırılması idi. Həsən Ruhani hökuməti isə xalqın tələblərinin əksinə olaraq, gələn il dini müəssisələrə veriləcək məbəği daha da artırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN