Türkiyənin Ticarət naziri: “Sanksiyalardan sonra İrana ixracatımız 1.5 milyard dollar azalıb”

Türkiyənin Ticarət naziri: “Sanksiyalardan sonra İrana ixracatımız 1.5 milyard dollar azalıb”

GünAz TV: Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsindən sonra ölkəsinin İrana etdiyi ixracatın həcmində təqribən 1.5 milyard dollar azalma müşahidə edildiyini deyib.

 

Davos İqtisadi Forumunda iştirak edən xanım Roxsar Pekcan bu sözləri “Bloomberg” agentliyinə verdiyi müsahibədə deyib. O, İrana etdikləri məhsul ixracatının azalmasına rəğmən, ümumilikdə Türkiyə ixracatının 2019-cu ildə 2018-ci ilə nisbətən 2% artaraq, 180 milyard 460 milyon dollara çatdığını bildirib.

 

Qeyd etmək lazımdır ki, rəsmi Ankara ABŞ-ın İranın neft-qaz sektoruna qarşı qəbul etdiyi embarqolara tam əməl edir. 2019-cu ilin may ayının 2-dən, yəni ABŞ-ın istisna 8 ölkəyə İrandan neft ixracatını davam etdirməklə bağlı verdiyi güzəştin sona çatmasından etibarən İrandan idxal etdiyi qara qızılı dayandırıb.

 

Türkiyə Mərkəzi Statistika İdarəsinin son hesabatına əsasən, 2019-cu ilin 11 ayı ərzində bu ölkənin İrana etdiyi ixracatın ümumi həcmi 2.1 milyard dollar təşkil edib. Bu isə 2018 və 2017-ci illərin oxşar dövrü ilə müqayisədə müvafiq olaraq 300 milyon və 1.25 milyard dollar azalmanın olduğunu göstərir.

 

Statistikada həmçinin qeyd edilir ki, sözügedən dövrdə Türkiyə İrandan 3.2 milyard dollar həcmində əmtəə idxal edib. Halbuki bu rəqəm 2018-ci ildə təqribən 6.5 milyard, 2017-ci ildə isə 7 milyard dollar təşkil etmişdi.

 

Beləliklə, demək olar ki, İranla Türkiyə arasındakı ticari mübadilə 2019-cu ildə 2017-ci ilə nisbətən yarıya enib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN