7 il həbs və 74 şallaq zərbəsinə məhkum olunan zəncanlı Pərisa Rəfiinin ölkədən çıxışı və siyasi fəaliyyətinə də qadağa qoyulub

7 il həbs və 74 şallaq zərbəsinə məhkum olunan zəncanlı Pərisa Rəfiinin ölkədən çıxışı və siyasi fəaliyyətinə də qadağa qoyulub

GünAz TV: Xəbər verdiyimiz kimi, zəncanlı öyrənci fəal Pərisa Rəfii məhkəmə tərəfindən 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib, lakin fəalın barəsində çıxarılan hökmün detalları yenicə məlum olub.


Məlumata görə, məhkəmə fəalı həbs və şallaq cəzasına məhkum etməkdən əlavə onun ölkədən çıxışı, həmçinin hər hansı siyasi və ictimai quruma üzv olmasını 2 il müddətinə qadağan edib.


Məhkəmə qərarı ilə bağlı xəbər fəalın yaxınları tərəfindən açıqlanıb.


Tehran İnqilab Məhkəməsi fəalı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”, “rejimə qarşı təbliğat fəaliyyəti göstərmək” və “ümumi nizam-intizamı pozmaq” ittihamları ilə mühakimə edib.


Azərbaycanlı öyrənci fəalın məhkəmə iclası avqustun 13-də hakim Əhmədzadənin sədrliyi ilə keçirilib. Məhkəmə iclasında prokurorun nümayəndəsi iştirak etməyib.


Pərisa Rəfii haqqında çıxarılan ədalətsiz qərar ictimaiyyət tərəfindən məhkum edilir. Müstəntiqlərin bundan əvvəl fəalın əməkdaşlıqdan imtina etməsi ilə bağlı dilə gətirdikləri müəyyən sözlər, məhkəmə hökmünün Ettelaat İdarəsinin diktəsi ilə verildiyini göstərir.


Tehran Universiteti İncəsənt Fakültəsinin öyrəncisi, əslən Zəncan şəhərindən olan Pərisa Rəfii fevralın 25-də təhsil aldığı universitetin qapısının önündə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O Evin həbsxanasının Ettelaat Nazirliyinə məxsus bölməsində 23 gün saxlandıqdan sonra martın 19-da ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.


Fəal saxlandığı zaman, prokuror və müstəntiqlər dolayısı yolla onun vəkilinə çatdırıblar ki, Pərisa əməkdaşlıq tələbi ilə razılaşmır, ona görə də hüququnun təmin olunması ilə bağlı gözləntisi olmamalıdır.


21 yaşlı öyrəncinin vəkili Səid Xəlili ona qarşı çıxarılan hökmü əsassız olaraq dəyərləndirib. Vəkil öz Facebook səhifəsində yazıb ki, Pərisa Rəfiiyə qarşı irəli sürülən ittihamların əsaslandırılması hüquqi baxımdan etibarsızdır.


Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetinin Öyrəncilər Şurasının üzvü kimi mədəni və qanuni fəaliyətlərlə məşğul olub.


N.S



HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN