Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi məhkəməyə çağırılıb

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi məhkəməyə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini  xanım Nəsim Sadiqi yaşadığı şəhərin İnqilab Məhkəməsinə çağırılıb.

 

Bu barədə fəala telefon vasitəsi ilə məlumat verilib. O avqustun 15-də Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməlidir.

 

Azərbaycanlı fəal, “Tərh-i No” qəzeti türklər haqqında təhqiramiz yazı dərc etdikdən sonra 2016-ci il iyulun 28-də Təbrizdə keçirilən etiraz aksiyasında saxlanılıb. Onun həmin dosye ilə əlaqədar məhkəməyə çağırıldığı bildirilir.

 

Etiraz aksiyasında yaxalanan Nəsim Sadiqi Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasında 5 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Fəal saxlandığı zaman “Sistemin əleyhinə təbliğ” və  “Ölkə təhlükəsizliyinə qarşı addım atmaq”-da ittiham olunub.

 

2016-ci il iyulun 20-də ETTELAAT Nazirliyinə bağlı olan “Tərh-i No” qəzeti 868-ci sayısında türklərə qarşı təqhiramiz yazı dərc edib. Yazıda müəllif Firdovsinin Şahnamə əsərindən bir hikayə anladaraq türklərlə bağlı "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı arvaddır. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, arvadlar kimi əlinə pambıq və mil götür" – kimi təhqiramiz sözlərdən istifadə edib. Bu, Güney Azərbaycan Təbriz, Urmiyə, Zəncan, Marağa, Ərdəbil, Xoy və s. kimi şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb oldu, küçələrdə “Haray haray məntürkəm”, “Azərbaycan milləti, çəkməz bu zilləti”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirildi. Dinc keçirilən etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qaldı, etirazçılardan bir neçəsi döyülərək bədən xəsarətləri aldılar. Aksiyalar zamanı onlarla fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.

 

İranda türk millətinin təhqir edilməsi sistemli bir şəkildə həyata keçirilir. Bunu İran kütləvi informasiya vasitələri, xüsusi ilə Teleradio Şirkəti, rəsmi və qeyri rəsmi orqanlar və hətta dini yığıncaqlarda görmək mümkündür.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN