Bir qrup azərbaycanlı fəal təcridxanadan yeni azadlığa buraxılmış Pərisa Rəfii ilə görüşüb

Bir qrup azərbaycanlı fəal təcridxanadan yeni azadlığa buraxılmış Pərisa Rəfii ilə görüşüb

GünAz TV: Bir qrup azərbaycanlı milli-mədəni fəal Evin zindanından yenicə azadlığa buraxılmış zəncanlı öyrəncinin görüşünə gedib.

 

Zəncanlı fəallar həbsxanadan martın 19-da sərbəst buraxılan Pərisa Rəfii ilə onun ata evində görüşüblər.

 

Onlar görüş zamanı P.Rəfiinin tutulması və təcrixanada üzləşdiyi problemlərlə maraqlanıblar.

 

Fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısı önündə saxlanılan P.Rəfii martın 19-da müvəqqəti olaraq azadlığa buraxılıb. Fəal tutulduğu gündən təknəfərlik kamerada saxlanılıb.

 

Azərbaycanlı öyrənci martın 5-də Tehranın millət vəkili Fatimə Səidinin yardımı ilə ailəsi ilə qısa telefon əlaqəsi saxlamışdır.

 

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olub, O Tehran Universitetinin Öyrəncilər Şurasının üzvüdür.

 

Fəalın atası Sultanəli Rəfii qızının saxlanılmasının 8-ci günündə İnstagram səhifəsində belə bir məlumat yaymışdır.

 

“Qızım Pərisanın saxlanılmasının 8-ci günündə həyat yoldaşımla birlikdə Tehran Universitetinin hörmətli rektoru Dr. Nilinin qəbuluna düşdük. Ondan Pərisanın azadlığa buraxılması ilə bağlı son vəziyyəti öyrəndik. Dr. Nili universitetin qızımın azad edilməsi üçün çalışdığını və bu səylərin davam etdəcəyini bildirdi.

Budan sonra Evin zindanının istintaq şöbəsinə getdik. Bizi müstəntiqlə görüşdürdülər. O özünü təqdim etdikdən sonra bizdən nə üçün müraciət etdiyimizi sörüşdü. Biz isə hər şeyi anlatdıq. Bildirdim ki, nəyə görə qızımın barəsində qanunlar icra olunmur. Nə üçün o saxlandıqdan sonra bizə məlumat verilməyib? Qızımın hansı orqan tərəfindən saxlanıldığı niyə açıqlanmayıb? Onunla sorğu-sual və müvəqqəti saxlanma müddəti niyə bu qədər uzun sürür? 24 saat ərzində müvəqqəti saxlanmaya son qoyulmalıdır prinsipi bəs necə oldu? Pərisanın vəkilinə onunla görüşmək icazəsi niyə verilmir? Qızımın harada və hansı şəraitdə saxlanılması haqda nə üçün məlumat verilmir? Bizə övladımızın ittihamı niyə bildirilmir? Nə vəkilin prosesə qatılmasına imkan verirsiniz, nə də bizim sualları cavablandırırsız! Bütün bunların səbəbi nədir?

Müstəntiq bu sualların cavabında müəyyən sözlər dedi və bəzi ittihamlardan söz açdı. Mən isə ona lazımi cavabı verdim. Onun fikrinə görə, “Pərisa onlarla əməkdaşlıq etmədiyi üçün, onlar müttəhimin hüquqlarını təmin etməyə məcbur deyillər.” Müstəntiqin bu sözləri, həmçinin islahatçı bir fəal kimi mənim siyasi fəaliyyətlərim haqda dedikləri, haqqımda ittiham irəli sürüb məhkəmə kimi qərar verməsi, təbii olaraq bizi çox nigaran etdi və qızımın dosyesi haqda qərəzli münasibətin olduğu haqda düşünməyə başladıq”- deyə o yaydığı mətninin bir hissəsində qeyd etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN