Ettelaat əməkdaşları Həkimə Əhmədinin həyat yoldaşını döyərək ona ağır bədən xəsarətləri yetirib – VİDEO

Ettelaat əməkdaşları Həkimə Əhmədinin həyat yoldaşını döyərək ona ağır bədən xəsarətləri yetirib – VİDEO

Marağa zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan xanım Həkimə Əhmədinin həyat yoldaşı, azərbaycanlı milli-mədəni fəal Məhəmmədrza Qurbani Ettelaat əməkdaşlarının hücumuna məruz qalaraq vəhşicəsinə döyülüb.

Fəal bu barədə noyabrın 20-də bir video yayaraq ağır bədən xəsarətləri aldığını bildirib.

“Günorta saatlarında Mərəndin Ettelaat Şöbəsindən mənə zəng edərək idarəyə müraciət etməyimi istədilər.  Evdən küçəyə çıxdıqdan sonra bir avtomobilin dayandığını gördüm. Sərnişinlərdən biri yaxınlaşaraq məndən Qubani olduğumu soruşdu, mən də cavabında bəli dedim. Budan sonra o mənim başıma çox ağır zərbə endirdi, zərbədən başım yarıldı. Məmurlar məni döydü, bir neçə dəqiqə sonra yoldan keçənlərdən biri məni qurtardı və məmurlar getdi”- deyə o bildirib.

Fəalın sözlərinə görə, hadisədə onun təkcə başı deyil, sağ əli də qırılıb və ayaqlarına da xəsarət dəyib. O hazırda çətinliklə yeriyə bilir.

Fəalı döydükdən sonra məmurlardan biri kinayə ilə ona deyib ki, indi çərşənbə günü Marağaya gedə bilərsən!

Qeyd edək ki, Məhəmmədrza Qurbaninin həyat yoldaşı xanım Həkimə Əhmədi noyabrın 9-u sübh saatlarından qanunsuz saxlanmasına etiraz olaraq quru aclıq aksiyası keçirir.

Məhəmmədrza Qurbani bundan əvvəl bildirmişdir ki, Mərəndin Ettelaat Şöbəsi onu həyat yoldaşı ilə bağlı xəbəri mətbuata danışdığı üçün təhdid edib.

Hazırda Marağa zindanında qeyri müəyyən vəziyyətdə saxlanılan Həkimə Əhmədi həbsxanada ağır işgəncələrə məruz qalıb.

Məhəmmədrza Qurbani bundan əvvəl Həkimə Əhmədinin işgəncələr nəticəsində iki qabırğasının qırıldığı və barmaqlarının yaralandığını bildirilmişdir.

Zindan məsulları Həkimə Əhmədiyə yaxınları ilə görüşməyə icazə vermir.

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

Məhəmmədrza Qurbaninin bundan əvvəlki açıqlamasına görə, təhlükəsizlik qüvvələri oktyabrın 18-də evə hücum çəkərək Həkimə xanımı yaxalayıb naməlum istiqamətə aparıblar. Evdəki uşaqları təhdid edən məmurlar axtarış apardıqdan sonra evdən 2 ləptop, 3 mobil telefonu və bir neçə Sim-Kart götürüblər.

Həkimə Əhmədi Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərir. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var. O bundan əvvəl də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Video:

https://www.youtube.com/watch?v=nDFVkG8XN3s

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN