İranda qeyri-adi məhkəmə qərarı: Ərinə xəyanətdə günahlandırılan qadın 2 il mürdəşirxanada işləməyə məhkum edilib

İranda qeyri-adi məhkəmə qərarı: Ərinə xəyanətdə günahlandırılan qadın 2 il mürdəşirxanada işləməyə məhkum edilib

GünAzTV: Tehran məhkəməsinin ərinə xəyanətdə günahlandırılan bir evdar qadına çıxardığı hökm, İran mediasında geniş rezonans doğurub.

 

Tehran məhkəməsi 5 yaşında bir oğlan uşağı anası olan 35 yaşlı Mina adlı qadını ərinə xəyanətdə günahlandıraraq onu 74 şallaq zərbəsinə, eləcə də 2 il mürdəşirxanada işləməyə məhkum edib. Üç ay əvvəl ərinin şikayətinə əsasən həbs edilən Mina, əvvəlcə ona qarşı irəli sürülən ittihamı rədd etsə də, sonradan mobil telefonundan götürülmüş şəkillər və sevgi mesajları dəlil-sübut kimi ona göstərildikdən sonra şoka düşərək öz günahını boynuna alıb.

 

Mina, məhkəmə qarşısında peşmançılığını bildirərək, adi bir tikinti fəhləsi olan həyat yoldaşına xəyanətinin səbəbini, ərinin xəstə olması, ona diqqətsizliyi və aralarında ər-arvadlıq münasibətlərinin olmaması ilə əlaqələndirib: “Evdə ərimlə soyuq münasibətlərimiz var idi. Mən isə onunla “Teleqram” sosial şəbəkəsində təsadüfən tanış oldum. Tanış olduğum şəxs, mənə ərimdən eşitmədiyim şirin sözlər danışır, mənə komplimentlər deyirdi. Beləliklə də tanışlığımızdan az sonra ona vurulduğumu hiss etdim”.

 

Tehran məhkəməsi həmçinin Minanın tanış olduğu kişini qiyabi olaraq 99 şallaq zərbəsinə və ölkənin ən ucqar şəhərlərindən birinə sürgünə məhkum edib.

 

Bildirilir ki, Tehran məhkəməsinin Minaya çıxardığı hökm, İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilsə, o, barəsində 74 şallaq zərbəsi icra edildikdən sonra şəhər mürdəşirxanalarından birinə göndərilərək, iki il müddətinə ölü yumaq məcburiyyətində qalacaq.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN