İranın Əmək Nazirliyi binası qarşısında aksiya keçirən 80-dən çox qadın həbs edilib - FOTOLAR və 2 VİDEO

İranın Əmək Nazirliyi binası qarşısında aksiya keçirən 80-dən çox qadın həbs edilib - FOTOLAR və 2 VİDEO

GünAzTV: Martın 8-də Tehranda Əmək Nazirliyinin binası qarşısında dinc etiraz aksiyası keçirən 80-dən çox qadın həbs edilib. Qadınların, 8 mart, Beynəlxalq Qadınlar Günündə İranın Əmək Nazirliyinin binası qarşısında toplanması üçün çağırış bəyanatları, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmışdı.

 

Bildirilir ki, çağırışa əsasən, nazirliyin binası qarşısında toplaşan yüzlərlə qadın dinc aksiya keçirərək, dövlət və özəl sektorda çalışan qadınların iş şəraitinin yaxşılaşdırılmasını, cinsi ayrı-seçkiliyə son qoyulmasını, işçi və fəhlə qadınların minimum əmək haqqının artırılmasını, hamilə qadınların uşaq doğandan sonra bir neçə aylığa evə buraxılmasını və onların həmin müddət başa çatandan sonra yenidən işə qayıda bilməsinə təzminat verilməsini və digər hüquqlarına riayət olunmasını tələb ediblər.

 

Yayılan məlumatlara əsasən, qadınların, əllərində yazılı plakatlar gəzdirərək öz qanuni tələblərini dinc və sakit şəraitdə irəli sürməsinə baxmayaraq, hadisə yerinə gələn polis və mülki geyimli təhlükəsizlik qüvvələri, aksiyaçıları kobud şəkildə dağıtmağa cəhd göstəriblər. Nəticədə, polis zorakılığına etiraz bildirən 80-dən çox etirazçı qadın, hüquq-mühafizə qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Polislər və mülki geyimli ETTELAAT əməkdaşları tutduğu qadınlara təpik ataraq, onları dəyənəklə döyə-döyə avtomobillərə mindirərək naməlum istiqamətə aparıblar. 

 

Tutulanlar arasında, qadın hüquq müdafiəçiləri Pərəstu Allahyari, Zöhrə Əsədpur, Bənövşə Camali, Azadə Behkiş, Azər Gilani, Bahar Aslani, jurnalist Sudabə Rəxş, eləcə də, “Şərq” qəzetinin müxbiri Əli Salem və başqalarının da adları var. Son məlumata əsasən, həbs edilənlər, polisin Gişa və Vozəra küçələrindəki bölmələrinə aparılıb və hazırda dindirilir.

 

Həbs edilən qadınların ailə üzvləri, həmin gün axşam saatlarında Əmək Nazirliyinin binası qarşısında toplaşaraq tutulanların dərhal azadlığa buraxılmasını tələb ediblər. Valideynlərin polis qüvvələri tərəfindən təhdid edildiyi bildirilir.

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN