Səfiyyə Qarabağinin məhkəmə iclası keçirilib

Səfiyyə Qarabağinin məhkəmə iclası keçirilib

GünAz TV: İyunun 26-da azərbaycanlı mədəni fəal və qadın hüquqları müdafiəçisi Səfiyyə Qarabağinin məhkəmə iclası keçirilib.


Zəncanlı fəal yaşadığı şəhərin ümumi məhkəməsində mühakimə edilib.


Bu barədə xanım S.Qarabaği öz Twitter səhifəsində məlumat yayıb.

“Məhkəmə iclası ictimaiyyəti təşvişə salmaq ittihamı ilə keçirildi. Hakimin davranışı və məhkəmə prosesinin gedişatı göstərdi ki, mənin əleyhimə olan dosye təşkil etməyə çalışırlar”- deyə məlumatda bildirilib.


Mədəni fəalın yaydığı məlumata görə, ona sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyinə qarşı sözləşmə ittihamları ilə əlaqədar çağırış məktubu göndərilib, o sentyabrın 11-də Zəncanın İnqilab Məhkəməsinə müraciət etməlidir.


Zəncan sakini olan S.Qarabaği yazıçı, qadın hüquqları müdafiəçisi və azərbaycanlı mədəni fəallardan biridir.


Fəal ötən il “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğ etmək”, sözdə “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumat yaymaq” ittihamı ilə Zəncan Ettelaat İdarəsi tərəfindən saxlanılmışdır.  Onun bu ittihamlarla üzləşməsinin Beynəlxalq Ana Dili Günü saxlanılanları dəstəkləmək, qadın hüquqları pozuntularına etiraz etmək, ölkədə azadlığın olmaması və qadınlar haqda qəbul olunan qanunlara etiraz etmək, siyasi məhbuslara dəstək vermək, ədalətsizlik və ayrıseçkiliyə etiraz bildirmək və Mir Hüseyn Musəvinin atasının ölüm ilə bağlı yazılan başsağlığı mesajını imzalamaq kimi işlərlə əlaqədar olduğu bildirilib.

 

S.Qarabağinin “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğ etmək” ittihamı ilə bağlı dosyesinə Zəncanın İnqilab Məhkəməsində, “yalan məlumat yaymaq və ictimaiyyəti təşvişə salmaq” ittihamı ilə bağlı olan dosyesinə isə Zəncanın Ümumi Məhkəməsində baxılır.
Son illərdə S.Qarabağiyə mədəni fəaliyyətlərinə görə İranın təhlükəsizlik və məhkəmə orqanları tərəfindən təzyiq edilir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN