Səfiyyə Qarabağlı Zəncanın İnqilab Məhkəməsinə çağırılıb

Səfiyyə Qarabağlı Zəncanın İnqilab Məhkəməsinə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, qadın haqları müdafiəçisi Səfiyyə Qarabağlı avqustun 6-da Zəncanın İnqilab Məhkəməsinə çağırılıb.

 

O bu barədə öz İnstaqram səhifəsində məlumat yayıb.

 

“Bu gün özümü irəli sürülən ittihamlardan (sistemin əleyhinə təbliğ etmək, ictimaiyyəti təşvişə salmaq, yalan məlumat və şayiə  yaymaq və fitnə cərəyanını dəstəkləmək) müdafiə etmək üçün Zəncan İnqilab Məhkəməsinin 4-cü Şöbəsində hazır oldum. Mən ötən həftə cümə axşamı günü məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən məhkəməyə müraciət etdim. Proses bir neçə saat davam etdi və iş vaxtının son dəqiqələrində 80 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxıldım.

Mobil telefonu, Ləptop və bir sıra sənədlərimi ötən həftə təhvil almışdım. Ləptopın batareyasının yerləşdiyi yer qırılıb. Zəncanda bir neçə il əvvəl Daxili İşlər Nazirliyinin icazəsi ilə qadın haqları ilə bağlı fəaliyyət göstərən “Təranə” Qeyri-hökumət Müəssisəsinə aid bütün sənədlər zəbt olunub”- deyə məlumatda qeyd olunub.

 

Səfiyyə Qarabağlı iyulun 17-də Zəncanda bu şəhərin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb, o 24 saat saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu barədə fəalın həyat yoldaşı Ruzbeh Səadəti öz Facebook səhifəsində belə məlumat yaymışdır: “Yaxalandıqdan bir neçə saat sonra məmurlar Səfiyyə ilə birlikdə evə gəldilər. Onlar evdə axtarış apardıqdan sonra  ləptop, kitab, dəftər və bir neçə şəxsi əşyanı zəbt edərək özləri ilə apardılar.”

 

S.Qarabalı ailəsi ilə birlikdə Güney Azərbaycanın Zəncan şəhərində yaşayır, o qadın haqları müdafiəçisidir, bu sahədə araşdırma işləri ilə məşğuldur.

 

Xanım fəalın həyat yoldaşı R.Səadəti isə əslən Miyana şəhərindəndir. Veblaqçı azərbaycanlı fəal ötən illərdə Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN