Təhlükəsizlik məmuru: “Pərisa Rəfii bizimlə əməkdaşlıq etmədiyi üçün biz də onun hüquqlarını təmin etməyə məcbur deyilik...!”

Təhlükəsizlik məmuru: “Pərisa Rəfii bizimlə əməkdaşlıq etmədiyi üçün biz də onun hüquqlarını təmin etməyə məcbur deyilik...!”

GünAz TV: Xəbər verdiyimiz kimi, fevralın 25-də Tehran Universitetinin zəncanlı öyrəncisi xanım Pərisa Rəfii təhsil aldığı universitetin qapısı önündə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Bu müddətdə fəalın ailəsi onun təcridxanadakı vəziyyəti ilə bağlı müxtəlif orqanlara müraciət edib, lakin onlara məyusedici cavablar verilir.

 

Bu barədə P.Rəfiinin atası qızının saxlanılmasının 8-ci günündə İnstagram səhifəsində məlumat paylaşıb.

 

“Qızım Pərisanın saxlanılmasının 8-ci günündə həyat yoldaşımla birlikdə Tehran Universitetinin hörmətli rektoru Dr. Nilinin qəbuluna düşdük. Ondan Pərisanın azadlığa buraxılması ilə bağlı son vəziyyəti öyrəndik. Dr. Nili universitetin qızımın azad edilməsi üçün çalışdığını və bu səylərin davam etdəcəyini bildirdi.

Budan sonra Evin zindanının istintaq şöbəsinə getdik. Bizi müstəntiqlə görüşdürdülər. O özünü təqdim etdikdən sonra bizdən nə üçün müraciət etdiyimizi sörüşdü. Biz isə hər şeyi anlatdıq. Bildirdim ki, nəyə görə qızımın barəsində qanunlar icra olunmur. Nə üçün o saxlandıqdan sonra bizə məlumat verilməyib? Qızımın hansı orqan tərəfindən saxlanıldığı niyə açıqlanmayıb? Onunla sorğu-sual və müvəqqəti saxlanma müddəti niyə bu qədər uzun sürür? 24 saat ərzində müvəqqəti saxlanmaya son qoyulmalıdır prinsipi bəs necə oldu? Pərisanın vəkilinə onunla görüşmək icazəsi niyə verilmir? Qızımın harada və hansı şəraitdə saxlanılması haqda nə üçün məlumat verilmir? Bizə övladımızın ittihamı niyə bildirilmir? Nə vəkilin prosesə qatılmasına imkan verirsiniz, nə də bizim sualları cavablandırırsız! Bütün bunların səbəbi nədir?

Müstəntiq bu sualların cavabında müəyyən sözlər dedi və bəzi ittihamlardan söz açdı. Mən isə ona lazımi cavabı verdim. Onun fikrinə görə, Pərisa onlarla əməkdaşlıq etmir. Onlar isə buna qarşılıq olaraq onun hüquqlarını təmin etməyə məcbur deyil. Müstəntiqin bu sözləri, həmçinin mənim islahatçı bir fəal kimi siyasi fəaliyyətlərim haqda dedikləri, haqqımda ittiham irəli sürüb məhkəmə kimi qərar verməsi, təbii olaraq bizi çox nigaran etdi və qızımın dosyesi haqda qərəzli münasibətin olduğu barədə düşünməyə başladıq”- deyə o yaydığı mətninin bir hissəsində qeyd edib.

 

Zəncanlı öyrənci Pərisa Rəfii fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısı önündə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümünün məmurları tərəfindən tutulub. Onun hazırda Tehranın Evin Zindanında ruhi və cismi işgənclərlər altında saxlandığı bildirilir.

 

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN