Tehran polisinin Çillə gecəsində 2 qonaqlığa hücumunda daha 230 qız və oğlan yaxalanıb

Tehran polisinin Çillə gecəsində 2 qonaqlığa hücumunda daha 230 qız və oğlan yaxalanıb

GünAzTV: Dekabrın 21-də Tehranda Çillə gecəsi mərasimində polis əməkdaşlarının 2 qonaqlığa hücumunda daha 230 qız və oğlan yaxalanıb.

 

Bu barədə, Tehranın əxlaq təhlükəsizliyi polisinin rəisi polkovnik Zülfüqar Bərfər dekabrın 22-də jurnalistlərlə görüşündə xəbər verib.

 

Polis rəisi bildirib ki, paytaxtın iki məntəqəsində qız və oğlanların birgə qatıldığı iki qonaqlığın keçirilməsi ilə bağlı onlara xəbər daxil olan kimi, polis əməkdaşları həmin yerlərdə əməliyyat keçirib: “Bu 230 gənc, ayrı-ayrılıqda keçirilən iki əməliyyatda yaxalanıb. Qonaqlıqlardan biri Tehranın Ləvasan məntəqəsində yerləşən bir bağ evində keçirilirdi. Polis əməkdaşlarımız həmin bağ evinə daxil olarkən, alkoqollu içkilər içmiş 140 qız və oğlan birgə rəqs edərək şənlənirdi.

 

İkinci qonaqlıq isə paytaxtın Fərmaniyyə məntəqəsində yerləşən bir evdə keçirilirdi. Əməkdaşlarımızın həmin evdə keçirdiyi əməliyyatda, “İnstaqram” sosial şəbəkəsi vasitəsilə canlı olaraq öz şəkillərini paylaşıb başqalarını bu qonaqlığa dəvət edən daha 90 qız və oğlan birlikdə şənlənərkən yaxalanıb. Hər iki evdə yoxlama aparılıb, müəyyən miqdarda alkoqollu içkilər və narkotik maddələr aşkarlanaraq götürülüb. Həmçinin bu qonaqlıqlara dəvət olunaraq qonaqlara mahnılar oxuyan müğənnilər tutulub, onlara və həmkarlarına məxsus musiqi alətləri müsadirə edilib. Tutulan qız və oğlanlar polis bölməsinə aparılıb və hazırda dindirilir”.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1730 nəfər həbs edilib.

 

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN