Ulduz Qasimi həbs cəzasını əvəz edən cəriməyə məhkum edilib

Ulduz Qasimi həbs cəzasını əvəz edən cəriməyə məhkum edilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən həbs cəzasını əvəz edən 50 milyon rial cərimə ödəməyə məhkum edilib.

 

Azərbaycanlı fəal 2018-ci ilin noyabr ayında məhkəmə tərəfindən 1 il həbs cəzasına məhkum edilmişdir.

 

“Herana” agentliyi bildirir ki, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin çıxardığı hökmə əsasən Ulduz Qasimi sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıb, o bu ittihamla həbs cəzasını əvəz edən 50 milyon rial cəriməyə məhkum edilib. Azərbaycanlı fəal 2006-cı il etirazları (Milli Qiyam) zamanı Sulduzda şəhid olanların 12-ci ildönümü mərasimindəki çıxışı ilə əlaqədar belə bir ittihamla üzləşib.

 

Ulduz Qasimi 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə  Sulduzda saxlanılıb. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə bağlı yaxalanmışdır. Fəalların əksəriyyəti bir neçə saat sonra buraxılsa da Ulduz Qasimi və digər iki fəal qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır.

Ulduz Qasimi Sulduz Ettelaat Şöbəsinin təcridxanasında bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Adını çəkdiyimiz fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və dəfələrlə saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN