SON XƏBƏRLƏR

Əli Xamneyi: “Avropalılar əməli olaraq nüvə razılaşmasından çıxıblar”

2021.10.20, 07:36
Əli Xamneyi: “Avropalılar əməli olaraq nüvə razılaşmasından çıxıblar”

Gunaz.tv

GünAz TV: İranın “dini lideri” Əli Xamneyi bu gün Məşhəd şəhərində Novruz bayramı ilə bağlı etdiyi çıxışda Qərb və Səudiyyə Ərəbistanının ünvanına kəskin fikirlər səsləndirib.

 

Xamneyi bildirib ki, “avropalılar nüvə razılaşması çərçivəsində üzərilərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən, daha bu razılaşmadan praktiki olaraq çıxıblar”.

 

“Dini lider” bu öhdəliklərin nədən ibarət olduğunu açıqlamasa da, səsləndirdiyi fikirlərdən aydın olur ki, o, Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmaqla İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara işarə edir. Xamneyi embarqolar tətbiq edilən zaman “avropalılardan Amerikaya qarşı dayanmağı və sanksiyaların ləğv edilməsi”ni gözlədiyini bildirib.

 

Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında rəsmi Tehrana qarşı yenidən 2 mərhələli sanksiyaların qəbul ediləcəyini bəyan edərək, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan etmişdi. Amerika Avropa ölkələrini də İranın təxribatçı, terrorist və düşmənçilik siyasətlərinə görə bu razılaşmadan çıxmağa çağırsa da, bu günə qədər müsbət cavab almayıb. Əksinə, Avropa ölkələri İranla ticari əlaqələri davam etdirmək üçün yanvar ayının sonunda “İnstex” adlı yeni maliyyə kanalının yarandağından xəbər veriblər. Hansı ki, İran bu ölkələrin bir neçəsində terror aktları həyata keçirib və ötən aylar ərzində Aİ ilə Tehran arasında bu xüsusda diplomatik qalmaqallar yaşanıb.

 

Xamneyi qeyd edilən maliyyə kanalından da danışaraq, onu “acı zarafat” və “mənasız” adlandırıb.

 

Martın 20-də İran Mərkəzi Bankı “sanksiyalar nəticəsində meydana gəlmiş məhdudiyyətlərin aradan qaldırılması” üçün Tehranda “İnstex” ilə oxşar şirkətin rəsmi qeydiyyata alındığını elan edib.

 

Çıxışının davamında Qərb ölkələri və liderləri əleyhinə kəskin ifadələr səsləndirən Xamneyi iddia edib ki, “qərblilərdən yalnız hiylə, xəyanət və kürəyə xəncər sancmaq gözləmək olar, kömək və sədaqət deyil”.

 

O əlavə edib ki, bu “tənqidlər”inin hədəfi qərblilərin “arxasınca getməmək” və onlara “etibar etməmək”dir və ölkəsi Qərb dövlətləri ilə əlaqələri davam etdirəcək.

 

Ölkədəki mövcud iqtisadi problemlərə də toxunan “dini lider” hicri təqvimlə növbəti- 1398-ci ili “milli tərəqqi” ili adlandırıb və yeni ildə “iqtisadiyyatın çiçəklənəcəyi”ni iddia edib.

 

Xameneyinin nikbinliyinin əksinə olaraq, İran Milli Məclisinin Araşdırma Mərkəzinin 1398-ci il ilə bağlı proqnozları bədbindir. Mərkəz bir müddət öncə neft satışından əldə edilən gəlirləri və Avropalıların sanksiyalara qoşulub- qoşulmayacağını da nəzərə alaraq, bəyan etmişdi ki, yeni ildə ölkənin iqtisadi inkişaf dinamikası ən yaxşı halda -3.8%, ən pis halda -5.5% olacaq.

 

Sonda Səudiyyə Ərəbistanı dövlətini “korrupsioner, despot, zalım və diktatura” adlandıran Xamneyi bu ölkədə atom elektrik stansiyası və raket istehsalı zavudunun tikiləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Mən şəxsən Ərəbistanda atom elektrik stansiyasının tikilməsindən narahat olmuram, çünki o, çox yaxın zamanda islam mücahidlərinin əlinə düşəcək.”

 

Xamneyinin bu fikirləri İran Səudiyyə Ərəbistanının suverenliyinə qarşı açıq-aşkar düşməkçilik və işğalçılıq hissi bəslədiyini sərgiləyir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar