SON XƏBƏRLƏR

İslahatçıların Ali Şurası: “Seçkilərdən qabaq Parlamentə seçiləcək 230 deputatın adı məlumdur”

2021.10.20, 07:36
İslahatçıların Ali Şurası: “Seçkilərdən qabaq Parlamentə seçiləcək 230 deputatın adı məlumdur”

Gunaz.tv

GünAz TV: İslahatçıların Ali Siyasi Şurası bəyanat yayaraq, Nəzarət Şurasının namizədlərin təsdiqlənməsində nümayiş etdirdiyi qərəzli mövqeyi tənqid edib.

 

Şura bildirib ki, islahatçı namizədlərdən 90%-nin namizədliyi qeydə alınmayıb. Şura həmçinin qeyd edir ki, bu proses davam edərsə, 290 yerlik Milli Məclisdə 230 yerə irəli sürmək üçün namizədləri olmayacaq və bu kürsülərdə mühafizəkarlar heç bir rəqabət olmadan əyləşəcəklər.

 

Bəyanatda deyilir ki, Parlamentdə 160-dan çox yerin sahibi artıq məlumdur və bu yerlər uğrunda, hətta mühafizəkar namizədlər arasında da rəqabət mühiti yaradılmayıb. 70 yer uğrunda isə, ən yaxşı halda, mühafizəkarlar arasında cüzi rəqabət baş tutacaq.

 

Şura Tehranda yalnız 30 islahatçı namizəd üçün çox zəif rəqabət mühiti formalaşdırıldığını bildirir.

 

“Prezident Həsən Ruhani Konstitusiyanın icraçısı olaraq, millət hüququ müddəasına riayət edilməməsi səbəbindən Konstitusiya xəbərdarlığı kimi öz konstitusion səlahiyyətlərindən istifadə edə bilər”,- deyə Şuranın bəyanatında vurğulanır.

 

Qeyd etmək lazımdır ki, İran Konstitusiyasının “millət hüququ” adlandırılan 3-cü fəsli diktatura və totalitar rejimə aparıb çıxaran bütün prosesləri əngəlləmək, bununla da siyasi və  ictimai azadlıqları, eləcə də vətəndaş hüquqlarını təmin etməyi nəzərdə tutur.

 

İranda fevralın 21-də keçiriləcək Milli Məclis seçkilərindən öncə Nəzarət Şurasının müxtəlif bəhanələrlə namizədliyini irəli sürmüş şəxslərin, xüsusilə də islahatçıların namizədliyini qeydə almaması qalmaqallara səbəb olub. Əksər islahatçı siyasətçilər bu addımı Parlament seçkiləri ərəfəsində böyük saxtalaşdırma adlandırırlar.

 

Digər tərəfdən, 2019-cu ilin noyabr ayında keçirilmiş xalq etirazlarının qan bahasına yatırılmasından sonra İranda insanların çoxu seçkiləri boykot edəcəklərini bəyan ediblər.

 

Ölkədə seçki prosesi ətrafında yaranmış son olaylara Amerika da münasibət bildirib. Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk yanvarın 17-də bildirmişdi ki, İran rejimi seçkilər keçirməklə yeni tamaşa qurmaq və bununla da ölkənin diktatura deyil, demokratik olduğunu göstərməyə çalışır.

 

İki gün öncə Həsən Ruhani də Nəzarət Şurasının namizədlərin təsdiqlənməsi prosesində saxtakarlıqlara yol verməsini tənqid etmiş və bu xüsusda məktublar yazdığını, lakin onları media orqanlarında dərc etdirməyi məsləhət bilmədiyini demişdi.

 

Mühafizəkarlar isə Tehranın sabiq icra hakimi Məhəmmədbağır Qalibaf başda olmaqla, öz namizədlərinin siyahısını artıq ictimaiyyətə təqdim ediblər. Qalibaf həmçinin Milli Məclisin gələcək spikeri kimi qeyd edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar