SON XƏBƏRLƏR

Abbas Lisani barəsində çıxarılan hökmün elan olunması üçün məhkəməyə çağırılıb – Çağırış vərəqəsi + Fəalın cavabı

2021.10.20, 07:36
Abbas Lisani barəsində çıxarılan hökmün elan olunması üçün məhkəməyə çağırılıb – Çağırış vərəqəsi + Fəalın cavabı

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Təbriz İnqilab məhkəməsinin 2-ci şöbəsinə çağırılıb.

 

Oktyabrın 11-də göndərilən çağırış vərəqəsinə əsasən, fəala barəsində çıxarılan məhkəmə hökmü elan olunacaq. Ondan 10 gün ərzində özünün və ya vəkilinin məhkəməyə müraciət etməsi tələb olunub.

 

Çağırış vərəqəsini aldıqdan sonra azərbaycanlı fəalın məhkəməyə cavabı gecikməyib. “Böyük Azərbaycan milləti” adı ilə başlayan cavab mətnində məhkəmə prosesinə kəskin etiraz bildirilib.

 

“Barəmdə çıxarılan hökm təmami ilə qanunsuz və qəbuledilməzdir. Konstitusiyanın 168-ci maddəsinə əsasən əqidə, siyasi və mətbuatla bağlı dosyelərə açıq şəkildə hər kəsin gözüqarşısında baxılmalıdır. Bu qanunu icra etməkdən qorxanlar, indi də formal məhkəmələrdə çıxarılan hökmləri yazılı şəkildə elan etməkdən vahiməyə düşüblər.

Sizin üçün nə əhəmiyyəti varki?! Başını qara quylayan kəklik kimi, xülyalarınızda qərq olubsunuz. Hökumətin hansı yönü dünyada rüsvayçılıq yaratmayıb ki, siz bu gün uydurma ittihamlarla çıxardığınız məhkəmə hökmlərindən nigaransınız?! Məgər mənim mərhum Həsən Dərmiçinin yas mərasimindəki çıxışım minlərlə Azərbaycan aşiqinin gözü qarşısında və açıq şəkildə baş verməyib?! Məgər siz həmin çıxışı qanunazidd hesab edib və məni ona görə ittiham etmirsiniz?! İddia etdiyiniz qanunazidd əməl açıq şəkildə baş veribsə, onun məhkəməsi nə üçün qiyabi keçirilməli, çıxarılan hökm və onun mətni gizli olmalıdır?!

Hökmün çıxarılmasında hüquqi, qanuni və əxlaqi cəhətdən özünüzə güvənirsinizsə, o zaman nədən qorxursunuz?!

Bütün bunlar hüquqi cəhətdən qəbuledilməzdir. Ona görə də çağırış vərəqəsi göndərildiyi kimi, məhkəmə hökmü də yazılı şəkildə mənim adresimə göndərilsin. Əks halda sizin qanunazidd və ədalətsiz tələb və qanunlarınıza legitimlik qazandırmaq fikrim yoxdur. Mən bu şəkildə qanunsuz və zalimcəsinə keçirilən məhkəmə prosesinə öz üsyan və etirazımı bildirəcəm”- deyə mətnin bir hissəsində qeyd olunub.

 

Bundan əvvəl Abbas Lisani SMS vasitəsi ilə məhkəməyə çağırılmışdır. Fəal rəsmi və qanunauyğun şəkildə çağırılmadığı üçün məhkəməyə müraciət etməkdən imtina etmişdir. Qiyabi keçirilən mühakimədən sonra qərar çıxarıldı. Fəala SMS vasitəsi ilə hökmün çıxarıldığı barədə məlumat verildi.

 

Qeyd edək ki, Ərdəbilli fəal iyulun 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Babək qalası yürüşünə bir neçə gün qalmış tutulan fəal Şərqi Azərbaycan Məhkəməsinin qərarı əsasında Ərdəbil prokurorluğu tərəfindən Təbrizin Ettelaat İdarəsinə intiqal edilmişdir.

Təbrizdə Şərqi Azərbaycan Prokurorluğunun 12-ci şöbəsində məhkəmənin fəala qarşı irəli sürdüyü ittiham açıqlanıb. “Mərhum tanınmış azərbaycanlı fəal Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan fəal iyulun 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar