SON XƏBƏRLƏR

Amnesty İnternational İrandan son etirazlar zamanı həbs edilənləri azadlığa buraxmağı tələb edib

2021.10.20, 07:36
Amnesty İnternational İrandan son etirazlar zamanı həbs edilənləri azadlığa buraxmağı tələb edib

Gunaz.tv

GünAz TV: Amnesty İnternational İranda noyabr ayında keçirilmiş etirazlar zamanı saxlanılanların işgəncələrə məruz qalma ehtimalı ilə bağlı xəbərdarlıq yayıb.

 

Təşkilat həmçinin qanunsuz olaraq tutulanların azadlığa buraxılması üçün çağırıb ünvanlayıb. Çağırışda qeyd edilir ki, İranın təhlükəsizlik qüvvələri benzinin qiymətinin artırılmasına qarşı baş tutmuş xalq nümayişlərini qan bahasına yatıran zaman qanunsuz olaraq çoxlu sayda insanı həbs edib.

 

“Son etirazlarda jurnalistlər, tələbələr və insan haqları fəalları da daxil olmaqla, minlərlə insan həbs edilib. Təhlükəsizlik qüvvələri həmin əsnada bir neçə 15 yaşlı uşaq saxlayıblar və onlar işgəncələrlər tətbiq edilən böyüklərin tutulduğu həbsxanalara aparılıblar. Saxlanılanlardan çoxu döyülmək və digər fiziki işgəncələrlə yanaşı, psixoloji işgəncələrə də məruz qalırlar və onlara ailələri və vəkilləri ilə əlaqə saxlamaq imkanı tanınmır”, - deyə təşkilatın insanların imzalaması üçün təşkil etdiyi petisiyada vurğulanır.

 

Amnesty İnternational həmçinin İran məhkəmə sisteminin sədri İbrahim Rəisidən işgəncələrə maneə olmağı, həmçinin qanunsuz həbs edilənləri dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı tələb edib.

 

Petisiyada sonda Birləşmiş Millətlər Təşkilatının tədqiqatçılarının vəziyyəti öyrənmək üçün İranın müvəqqəti saxlanma təcridxanaları və həbsxanalarına girişinin və ölənlərin ailələri ilə görüşlərinin təmin edilməsi, eləcə də noyabr etirazlarında baş verənlərlə bağlı təhqiqat aparmalarına imkan yaradılması istənilir.

 

Etirazlardan 40 gündən çox vaxt keçməsinə baxmayaraq, İran rəsmiləri hələ də ölən, yaralanan və həbs edilənlərlə bağlı heç bir rəqəm səsləndirməyiblər. Lakin Reuters agentliyi bir neçə gün öncə “dini lider” Əli Xamneyiyə yaxın dairələrə istinadən ölənlərin sayının 1500 nəfərdən çox olduğu barədə məlumat yaymışdı.

 

Digər tərəfdən, İranın demək olar ki, bütün bölgələrində hələ də etirazda iştirak etmiş insanların həbsi davam edir. Bu günə qədər 8 mindən çox etirazçı həbs edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar