SON XƏBƏRLƏR

Tehran polisi: “Paytaxtda baş örtüyünü açan 29 qadın həbs edilib”

2021.10.20, 07:36
Tehran polisi: “Paytaxtda baş örtüyünü açan 29 qadın həbs edilib”

Gunaz.tv

GünAzTV: Fevralın 1-də Tehran hüquq-mühafizə qüvvələrinin informasiya mərkəzi, son günlər paytaxtın küçə və meydanlarında məcburi hicaba qarşı etiraz əlaməti olaraq baş örtüyünü açmış qadınlar barədə bəyanat yayıb.

 

Baş örtüyünü açmış qadınları “aldanmışlar” adlandıran bəyanatda bildirilir ki, polis qüvvələri ölkədə “ictimai təhlükəsizliyə qarşı çıxan” qadınların qarşısını alacaq: “Son günlər, paytaxt Tehranda “Məcburi hicaba yox” kampaniyasına qatılaraq vətəndaşların ictimai təhlükəsizliyi pozan 29 qadın həbs edilib. Baş örtüklərini açdıqlarına görə həbs edilən bu aldanmış qadınlar, barələrində cinayət işi açılaraq məhkəmə orqanlarına təhvil verilib.

 

 Polis bir daha bildirir ki, ölkədə vətəndaşların ictimai təhlükəsizliyinə qarşı çıxaraq ictimai asayişi pozan bu kimi qadınların qarşısını bundan sonra da alacaq və qanunu pozanları məsuliyyətə cəlb edəcək”.

 

 Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

 

Son günlərdə,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər.

 

 Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar