SON XƏBƏRLƏR

Zərif: “Səudiyyə Ərəbistanı insanları öldürməyi dayandırsa, müzakirəyə hazırıq”

2021.10.20, 07:36
Zərif: “Səudiyyə Ərəbistanı insanları öldürməyi dayandırsa, müzakirəyə hazırıq”

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 8-də jurnalistlərə açıqlamasında ölkəsinin regionda yaşanan gərginliyi Səudiyyə Ərəbistanı ilə danışıqlar yolu ilə aradan qaldırmağa hazır olduğunu bildirib.

 

Öz açıqlamasında Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlarına toxunan Zərif, rəsmi Tehranın Ər-Riyadla danışıqlar aparmaq üçün şərtini açıqlayıb: “Əgər Səudiyyə Ərəbistanı insanları öldürməyi dayandırsa, İran Ər-Riyadla müzakirə aparmağa hazırdır. Hesab edirik ki, indiki durumda bizimlə müzakirə aparmağa meyilli olduqlarını göstərən səudiyyəlilər əgər region problemlərini insnları öldürməklə yox, danışıqlar masası arxasında oturmaqla həll etmək istəsələr, şübhəsiz ki, İran İslam Respublikası onların yanında olacaq.

 

Bir daha bildirirəm ki, İranın Xarici İşlər Nazirliyi regionun təhlükəsizliyini qorumaq üçün öz qonşuları ilə əməkdaşlıq etməyə həmişə hazırdır. Biz bu barədəki mövqeyimizi rəsmi şəkildə elan etmişik” –deyə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bəyan edib.

 

Hazırda Yəməndə cərəyan edən savaşda, rəsmi Tehran radikal şiə husiləri, Səudiyyə Ərəbistanı isə Yəmənin qanuni hökumətini dəstəkləyir.

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam sentyabrın 29-da CBS telekanalına müsahibəsində İranın Aramco neft təsisatlarına qarşı dron hücumlarına toxunaraq, bu ölkəyə qarşı müxtəlif seçim və variantların araşdırılmasından danışıb: “Biz İranla bağlı bütün seçim və variantları nəzərə almışıq. Bununla belə hesab edirəm ki, regionda hər hansı bir hərbi addıma üstünlük verilməsindən çəkinmək lazımdır. Şəxsən mən düşünürəm ki, İranla bağlı diplomatik və siyasi həll yolu hərbi seçim və variantdan qat-qat yaxşıdır” –deyə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam əlavə edib.

 

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar