SON XƏBƏRLƏR

Britaniya, Niderland və Fransa İran səfirlərini XİN-ə çağırdılar

2024.04.15, 08:00
Britaniya, Niderland və Fransa İran səfirlərini XİN-ə çağırdılar

İranın Londondakı müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.

“Xarici işlər naziri Devid Kemeron bu gün (aprelin 14-də – red.) İran səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb. Böyük Britaniya İranın İsrailə birbaşa və görünməmiş hücumunu, İordaniya və İraqın hava məkanını pozmasını ən sərt şəkildə pisləyir. Yaxın Şərqdə böyük gərginlik yaşandığı bir vaxtda bu, İran tərəfindən son dərəcə təhlükəli və lazımsız eskalasiya idi”, – kommünikedə qeyd olunub.

Krallığın Xarici İşlər Nazirliyi “İsrailin və bütün regional tərəfdaşların, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini qorumağa davam edəcəyini” və “bölgədə sabitliyi qorumaq və saxlamaq üçün beynəlxalq tərəfdaşlarla işləməyi” vəd edib. London Tehranı “deeskalasiya, habelə ehtiyatsız və qanunsuz davranışını dayandırmaq üçün əhəmiyyətli və təcili tədbirlər görməyə” çağırıb.

Bununla yanaşı İranın Parisdəki səfiri Məhəmməd Əmin Nicat Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə xarici siyasət idarəsinin rəhbəri Stefan Sejurne “France 2” telekanalının efirində bildirib.

“Qətiyyətimizin siqnalını çatdırmaq üçün İran səfirini çağırmağı göstəriş vermişəm”, – Sejurne vurğulayıb.

Eyni zamanda, nazir bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsinə yol verməmək lazımdır. Onun sözlərinə görə, Fransanın prioriteti girovların azad edilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımın daxil olmasını təmin etməkdir.

Niderlandın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Hanke Brüinse Slot da İranın Haaqadakı səfiri Hadi Fərəcvəndi Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəlib.

“Dünən gecə İranın İsrailə təhlükəli hücumunu pislədiyimizi bildirmək üçün İranın Haaqadakı səfirini çağırmaq qərarına gəldim”, – avropalı diplomat sosial şəbəkədə yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar