SON XƏBƏRLƏR

"Politico": Yeni tariflərdən qəzəblənən müttəfiqlər Trampı ən zəif yerindən vururlar

2025.08.14, 11:37
"Politico": Yeni tariflərdən qəzəblənən müttəfiqlər Trampı ən zəif yerindən vururlar

Yeni tariflərdən qəzəblənən müttəfiqlər Trampı ən zəif yerindən vururlar.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşrinin təhlil məqaləsində qeyd olunub.

Bildirilib ki, Amerika Prezidenti Donald Trampın "cəza xarakterli" yeni tarif və tələblərinə qarşı bir sıra ölkələr cavab tədbirləri görməyə başlayıblar.

Belə ki, İspaniya NATO-ya üzv ölkələrdə ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərcləri üçün ayrılmasından sonra Vaşinqtonla yaşadığı mübahisənin ardından milyardlarla dollarlıq "F-35" qırıcı təyyarələrinin alışından imtina edib. İsveçrə isə ABŞ-nin yüksək tariflərindən sarsılmış vəziyyətdədir və siyasi spektr boyunca F-35 təyyarələrindən imtina çağırışları artır. Eyni şəkildə Hindistan da Amerika döyüş texnikasının alınması planlarını dayandırmağa qərar verib.

"Bu vəziyyət Amerika sənayesində qorxuları artırır - bu cür proteksionist yanaşmalar cavab tədbirləri ilə nəticələnə, silah satışlarını təhlükə altına ata və ABŞ-nin qlobal müdafiə bazarındakı liderliyini zəiflədə bilər", - nəşr qeyd edib.

Sözügedən ölkələrin atdığı addımların Trampın qlobal ticarət siyasətinə qarşı konkret və güclənən müqavimətin göstəricisi kimi dəyərləndirildiyi məqalədə İspaniyanın "F-35"dən imtina qərarı ilə milyardlarla dolların Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya tərəfindən birgə istehsal olunan "Eurofighter Typhoon"a və 2040-cı illər üçün planlaşdırılan Fransız-Alman "Gələcək Nəsil Döyüş Hava Sistemi"nə (FCAS) yönəlməsinə səbəb ola biləcəyi vurğulanıb.

Həmçinin bildirilib ki, Portuqaliya kimi digər potensial alıcılar da Amerikanın etibarlılığına dair şübhələr səbəbilə qərarlarını təxirə salıblar.

Nəşr bütün bu yaşananları həmin ölkələrin Donald Trampı "ən zəif yerindən" - "sevimli qırıcı təyyarələrindən" vurması şəklində qələmə verib.

Qeyd edək ki, "F-35"lərdən kütləvi imtina Amerika hərbi sənayesinə milyardlarla dollara başa gələ bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar