Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato deyib.
Oktyabrın 30-da Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının Üçüncü Komitəsində çıxış edən Sato bildirib ki, İran xalqı iki cəbhənin qurbanıdır:
"İran cəmiyyəti bir tərəfdən xarici hərbi hücumlar, digər tərəfdən isə öz hökuməti tərəfindən daxili repressiyaların qurbanına çevrilib".
BMT nümayəndəsi, İranda genişmiqyaslı edamları, "yeni casusluq qanunu"nun qəbul edilməsini və kütləvi həbslərin artmasını sərt tənqid edib.
Xüsusi Məruzəçinin sözlərinə görə, yeni casusluq qanununun qəbul edilməsi edam cəzasına məruz qala biləcək fəaliyyətlərin əhatə dairəsini genişləndirib, və yeni qanuna görə hətta xarici media ilə əlaqə və ya kiberməkanda məlumat yaymaqda cinayət hesab edilir.
O əlavə edib ki, 2025-ci ilin ilk on ayında İranda 1200-dən çox insan, yəni gündə orta hesabla dörd nəfər edam edilib.
Sato bildirib ki, edamların yalnız səkkiz faizi rəsmi olaraq bildirilir və real rəqəm daha yüksək ola bilər:
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi İran həbsxanalarında şallaq cəzası, gilyotinlə barmaqların kəsilməsi və işgəncə altında etirafların alınması hallarına diqqət çəkib və bununla yanaşı türmələrdə şübhəli ölümlərin, məhbusların tibbi xidmətlərdən məhrum edilmələri faktlarının da artdığını bildirib.
Satonun sözlərinə görə, yaxınları işgəncə və tibbi xidmət göstərilməməsi səbəbindən öldürülən ailələr hökumətin təzyiqi nəticəsində bunu ictimailəşdirə bilmir və ölüm səbəblərinin dəyişdirilməsinə razılıq verir.
BMT nümayəndəsi İran hökumətini edamları dərhal dayandırmaqla, qadınlara qarşı ayrı-seçkilik qanunlarını ləğv etməklə və fundamental azadlıqları təmin etməklə ictimai etimadın bərpası yoluna başlamağa çağırıb:
“İran xalqı sülhə, ləyaqətli yaşamağa və ədalətə layiqdir və beynəlxalq ictimaiyyət onların yanında olmalıdır”.
May Sato İranda qadınlara qarşı ayrı-seçkilik siyasətinin davam etdiyinə də toxunub və bunun insan haqları pozuntusu saəsində əsas yerlərdən birini tutduğunu söyləyib.
"İslam Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, hicabsız qadınlar həbs və ya cərimə riski ilə üzləşirlər,- o əlavə edib.
Ölkələrin nümayəndələrinin suallarına cavab olaraq Sato missiyasının müstəqil, şəffaf və sənədləşdirilmiş olduğunu vurğulaıb və İran hökumətini ölkəyə maneəsiz səfər etməsinə icazə verməyə çağırıb.
Sanksiyalarla bağlı sualları cavablandıran Sato, bunun daxili təzyiqlərin artmasına bəraət qazandırmadığına diqqət çəkib:
"Sanksiyalar İran iqtisadiyyatına təzyiq göstərib, ancaq azadlıqların boğulması xarici məhdudiyyətlərin deyil, daxili qərarların nəticəsidir".
Görüşdə BMT-nin Müstəqil Fakt Araşdırma Missiyasının rəhbəri Sara Hüseyn də hesabatında İranda məhbusların müdafiəsiz olduqlarını bildirib.
O, İsrailin 23 iyunda Evin həbsxanasına hücumundan sonra İran hakimiyyətinin məhbusların ailələrini həftələrlə məlumatsız qoyduğunu deyib.
GünazTV