SON XƏBƏRLƏR

Tehran–Moskva qaz anlaşması yaxınlaşır

2026.02.22, 17:39
Tehran–Moskva qaz anlaşması yaxınlaşır

Gunaz.tv

İran beynəlxalq sanksiyalar altında qalmaqda davam etdiyi bir vaxtda, Tehran və Moskva İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 19-cu iclasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Görüşdə dörd anlaşma memorandumu imzalanıb və razılaşmaların icrasının sürətləndiriləcəyi bildirilib.

Əməkdaşlığın əsas istiqamətini enerji və xüsusilə hidrokarbon ehtiyatlarının işlənməsi təşkil edir. Yeni müqavilələrə əsasən, İranın yeddi neft yatağının işlənməsi Rusiya şirkətlərinə həvalə olunub və bu şirkətlərin ölkənin ümumi neft hasilatındakı payının artırılması planlaşdırılır.

Bununla yanaşı, Rusiyadan İrana qaz idxalı ilə bağlı danışıqların da yekun mərhələyə çatdığı açıqlanıb. Sənədlərə görə, ilkin mərhələdə ildə 55 milyard kubmetr qazın nəqli nəzərdə tutulur, növbəti mərhələdə isə bu həcmin 110 milyard kubmetrə qədər artırılması mümkündür. Qiymət və ödəniş mexanizmi üzrə müzakirələr davam edir.

Tehran bu addımı ölkənin şimal bölgələrinin sabit qaz təchizatı ilə izah edir. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu proses İranın enerji sahəsində Rusiyadan asılılığını daha da dərinləşdirə bilər.

Tehran və Moskva arasında strateji enerji əməkdaşlığının genişlənməsi hər iki ölkənin Qərb sanksiyaları altında olduğu bir dövrdə baş verir.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar