SON XƏBƏRLƏR

ABŞ Konqresinin icazəsi olmadan İrana zərbə dayandırılacaqmı?

2026.02.27, 23:04
ABŞ Konqresinin icazəsi olmadan İrana zərbə dayandırılacaqmı?

Gunaz.tv

ABŞ Konqresinin Nümayəndələr Palatası Ağ evin Konqresin rəsmi razılığı olmadan İrana qarşı hərbi gücdən istifadə etməsini qadağan edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır.

Amerika mediasının yaydığı məlumata görə, Nümayəndələr Palatasında Demokrat fraksiyası bildirib ki, Konqres gələn həftə fəaliyyətini bərpa edən kimi iki partiyanın dəstəklədiyi qətnamə üzrə ümumi səsvermə keçiriləcək. Bəyanatda qeyd olunub ki, sənəd prezidentin İrana qarşı hərbi addım atmazdan əvvəl Konqres qarşısında əsaslandırma təqdim etməsini və rəsmi icazə almasını tələb edir.

Qətnamə mətnində vurğulanır ki, “bütün risklər, o cümlədən hərbçilər üçün təhlükələr və mümkün eskalasiya nəzərə alınmadan” İrana yeni zərbələrin endirilməsi məsuliyyətsiz addım olardı. Həmçinin bildirilib ki, Konqreslə məsləhətləşmə və icazə olmadan hərbi əməliyyatlara başlamaq Konstitusiyaya zidd hesab olunur.

Hazırda Ağ ev, eləcə də Nümayəndələr Palatası və Senat Respublikaçılar Partiyasının nəzarətindədir. Qətnamə üzrə səsvermənin 4 mart tarixində keçirilməsi gözlənilir. Lakin bəzi demokratların da sənədə qarşı çıxacağı barədə açıqlamaları fonunda, onun qəbul olunma ehtimalının aşağı olduğu bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar