SON XƏBƏRLƏR

ABŞ-ın müdafiə naziri İran hakimiyyətinin taleyi barədə sərt mesaj verdi

2026.03.02, 18:01
ABŞ-ın müdafiə naziri İran hakimiyyətinin taleyi barədə sərt mesaj verdi

Gunaz.tv

ABŞ-ın müdafiə naziri Pete Hegseth bazar ertəsi, 2 Mart tarixində keçirdiyi mətbuat konfransında Vaşinqtonun İran hakimiyyəti ilə hərbi qarşıdurma ilə bağlı son mövqeyini açıqlayıb. O, 47 illik İran hakimiyyətinin keçmişinə toxunaraq bildirib ki, onilliklər boyu “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarlarını təkrarlayan rejim bu siyasətin birbaşa nəticələri ilə üzləşib.

Hegseth vurğulayıb ki, baş verən dəyişikliklər klassik “rejim dəyişikliyi” müharibəsi çərçivəsində qiymətləndirilə bilməz. Onun sözlərinə görə, İran hakimiyyətinin strukturu artıq fundamental dəyişiklik mərhələsinə daxil olub və mövcud vəziyyət qlobal təhlükəsizlik baxımından yeni reallıq yaradıb. Nazir iddia edib ki, bu struktur olmadan dünya daha təhlükəsiz və sabit ola bilər.

ABŞ-ın müdafiə naziri çıxışının digər hissəsində İran hakimiyyətinin son dövrlərdə region ölkələrində qeyri-hərbi obyektlərə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumlarına toxunub. O, bu addımları “çarəsizlik əlaməti” və “rejimin əsl simasının üzə çıxması” kimi qiymətləndirib. Hegseth bildirib: “Otellərin, hava limanlarının və yaşayış binalarının üzərinə raketlərin yağdırılması bu rejimin onilliklərdir istifadə etdiyi qorxaq və terrorçu taktikanın davamıdır.”

Nazir əməliyyat detalları ilə bağlı əlavə məlumat verməyib. Lakin onun açıqlamaları Vaşinqtonun İran hakimiyyətinə qarşı rəsmi ritorikasının daha da sərtləşdiyini və Tehran rəhbərliyinin regional siyasətinin təhlükəsizlik nəticələrinin ön plana çəkildiyini göstərir.

Bu bəyanatlar regionda hərbi gərginliyin artdığı və qarşıdurmanın miqyasının genişlənə biləcəyi ilə bağlı narahatlıqların yüksəldiyi bir vaxtda səsləndirilib. Mövcud vəziyyət Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

 

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar