SON XƏBƏRLƏR

Hörmüz təzyiq aləti: SEPAH-ın ABŞ və İsrailə qarşı yeni taktikası

2026.03.12, 08:29
Hörmüz təzyiq aləti: SEPAH-ın ABŞ və İsrailə qarşı yeni taktikası

SEPAH Hörmüz boğazından keçən üç yük gəmisini hədəfə alıb və digər gəmilərin də hücuma məruz qala biləcəyi barədə xəbərdarlıq edib. Halbuki bu gəmilərin İran, İsrail və ABŞ arasında gedən müharibə ilə heç bir əlaqəsi yoxdur.

Gunaz.tv

Məlumatlara görə, SEPAH qüvvələri çərşənbə günü Hörmüz boğazından keçən üç yük gəmisinə zərbə endirib. İraqın mazutunu daşıyan iki xarici tanker isə mərmi zərbəsindən sonra İraq sularında yanmağa başlayıb.

Hədəfə alınan gəmilərdən biri Taylanda məxsus yük gəmisi olub. Hörmüz boğazı bölgədən çıxan gəmilər üçün yeganə dəniz yolu sayılır və dünya enerji ticarətində həyati rol oynayır.

SEPAH həmçinin bu boğazdan keçməyə çalışan digər gəmilərin də hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.

İranın Hörmüz boğazında gəmilərə hücumlarının artması və ABŞ-ın tankerları hərbi müşayiət etməkdən imtina etməsi dünyanın ən mühüm neft nəqli marşrutunun uzun müddət bağlanması ehtimalını artırıb.

Bu arada gəmiçilik və neft şirkətləri də bu marşrutdan keçmək məsələsində ciddi narahatlıq ifadə ediblər və bəziləri bu istiqamətdə fəaliyyətini dayandırıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Bəhreyn gərginlik səbəbindən ümumilikdə gündəlik neft hasilatını təxminən yeddi milyon barel azaldıblar.

Analitiklər xəbərdarlıq edirlər ki, qarşıdurmanın davam etməsi enerji ticarətinə ciddi zərbə vura və qlobal iqtisadiyyata təzyiq göstərə bilər. Məlumatlara görə, təklifin azalması nəticəsində neftin qiyməti bir müddət üçün hər barel üzrə 100 dollar həddini keçib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar