SON XƏBƏRLƏR

Pezeşkian müharibəni bitirmək təklifinə görə mühafizəkarların tənqidləri ilə üzləşir - TƏHLİL

2026.04.03, 21:00
Pezeşkian müharibəni bitirmək təklifinə görə mühafizəkarların tənqidləri ilə üzləşir - TƏHLİL

İran prezidenti Məsud Pezeşkian müharibəni şərti şəkildə dayandırmağa hazır olduğunu bildirdikdən sonra ciddi siyasi reaksiyalarla üzləşib. Bu isə İranın siyasi və hərbi rəhbərliyi daxilində diplomatiya ilə münaqişənin davamı arasında dərin fikir ayrılıqları olduğunu üzə çıxarıb.

Gunaz.tv

Çərşənbə axşamı Antonio Kosta ilə telefon danışığında Pezeşkian bildirib ki, İran münaqişəni sona çatdırmaq üçün “gərəkli iradəyə” malikdir – lakin bunun üçün “xüsusilə yenidən hücumların qarşısını almaq üçün təminatlar daxil olmaqla, əsas şərtlər” yerinə yetirilməlidir.

Çərşənbə günü Amerika ictimaiyyətinə ünvanladığı məktubda Pezeşkian bir daha vurğulayıb ki, İranın hərbi addımları “yalnız cavab və müdafiə xarakterli” olduğunu deyib. O, davam edən qarşıdurmanı “bahalı və nəticəsiz” kimi qiymətləndirərək hakimiyyət daxilində daha praqmatik yanaşmanın mövcudluğuna işarə edib.

Bununla yanaşı, mühafizəkar qrup müharibənin dayandırılması üçün daha sərt şərtlər irəli sürür. Mohsen Rzayi bildirib ki, münaqişə yalnız təzminat və təminatlar əldə edildikdən sonra, o cümlədən ABŞ hərbi bazalarının regiondan çıxarılması ilə bitə bilər.

Mühafizəkarların reaksiyası güclənir

Pezeşkianın açıqlamaları mühafizəkar və radikal dairələrin kəskin tənqidinə səbəb olub. Millət vəkili Həmid Rəsai bu mövqeni “qərarsız xarakter” və “düşmən qarşısında passivlik” kimi qiymətləndirib və bunun yeni hücumlara yol aça biləcəyini deyib.

Rəsai daha əvvəl Pezeşkianı İranın ilk prezidenti Əbülhəsən Bənisədr ilə müqayisə edib; Bənisədr vaxtilə parlament tərəfindən “siyasi səriştəsizlik” səbəbilə vəzifədən uzaqlaşdırılmışdı. Son günlər sosial mediada da bu müqayisələr geniş yayılıb.

Bəzi tənqidçilər münaqişəni “haqq ilə batilin mübarizəsi” kimi təqdim edərək tam qələbədən azına razılaşmanı qəbul etmədiklərini bildiriblər.

Diplomatiyadan çox güc nümayişi çağırışları

X platformasında yayımlanan açıq məktubda mühafizəkar fəal Məhəmməd Şirakvənd Avropadan təminat istənilməsini tənqid edib:
“Əgər özünüz ABŞ-ın diplomatiyaya inanmadığını deyirsinizsə, müharibənin bitməsi üçün təminatlardan danışmaq nə deməkdir, əgər bu, səhv deyilsə nədir?”

O əlavə edib ki, “əsl təminatlar diplomatiya ilə deyil, meydanda güc nümayişi ilə yaradılır.”

Digər mühafizəkar hesab – “Rah-e Dialameh” – Pezeşkianın sözlərini “düşmənə zəiflik siqnalı” kimi qiymətləndirib və bunu neft qiymətlərinin düşməsi ilə əlaqələndirərək belə yanaşmanın dayandırılmalı olduğunu bildirib.

Bəzi sərt xətt tərəfdarları prezidenti “atəşkəs siqnalları göndərməkdə” və ölkənin hərbi mövqeyini zəiflətməkdə ittiham edərək təhlükəsizlik qurumlarını onu “nəzarətdə saxlamağa” çağırıblar. Hətta bir istifadəçi dolayı şəkildə təhdid xarakterli fikir səsləndirərək onun ictimai çıxışlarının məhdudlaşdırılmasını təklif edib.

Oğlu prezidentin mövqeyini müdafiə edir

Artan tənqidlər fonunda Pezeşkianın oğlu və müşaviri Yusif Pezeşkian atasını açıq şəkildə müdafiə edib. O bildirib:
“Bu tənqidlərin mənasını başa düşmürəm; biz şərtlərin yerinə yetirilməsini və təminatların əldə olunmasını istəmirikmi? Yoxsa ABŞ və İsrailin tam məhv olunmasına qədər müharibə aparmaqmı istəyirik?”

O, prezidentin mövqeyini real və şərti gərginliyin azaldılması cəhdi kimi təqdim edib və bunu maksimalist yanaşmalardan üstün tutub.

Yusif Pezeşkian həmçinin atasının İran zərbələrindən təsirlənmiş qonşu ölkələrdən üzr istəməsini “etik borc” adlandıraraq, münaqişəyə baxmayaraq regional münasibətlərin qorunmasına çalışıldığını vurğulayıb.

 

- Cəfər Cəfərli

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar