SON XƏBƏRLƏR

Kimyəvi gübrə qıtlığı dünyanı ərzaq bahalığı ilə üz-üzə qoyur

2026.05.07, 07:42
Kimyəvi gübrə qıtlığı dünyanı ərzaq bahalığı ilə üz-üzə qoyur

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, İran müharibəsi və Hörmüz boğazında yaranan böhran artıq qlobal ərzaq təhlükəsizliyi üçün ciddi riskə çevrilib. Ekspertlər yaxın aylarda ərzaq qiymətlərinin kəskin artacağı barədə xəbərdarlıq edirlər.

“The Guardian” qəzetinin məlumatına əsasən, Hörmüz boğazındakı böhran səbəbindən kimyəvi gübrələrin qiyməti 50-70 faiz artıb. Bu isə dünya üzrə kənd təsərrüfatı məhsullarının maya dəyərinə birbaşa təsir göstərir.

“Grosvenor” kənd təsərrüfatı qrupunun rəhbəri Mark Preston bildirib ki, böhran davam edərsə, qlobal ərzaq təchizatı ciddi problemlə üzləşəcək. Onun sözlərinə görə, azot gübrələrinin istehsalı üçün lazım olan xammalın böyük hissəsi Körfəz bölgəsindən daşınır.

Məlumatda qeyd olunur ki, maye təbii qazın çatışmazlığı və dəniz daşımalarındakı problemlər gübrə istehsalını zəiflədib. Bəzi Yaxın Şərq ölkələri isə ammonyak və kimyəvi gübrə istehsalını qismən dayandırıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, gübrə qiymətlərinin artması buğda, qarğıdalı və düyü kimi əsas məhsulların bahalaşmasına səbəb olacaq. Xüsusilə yoxsul ölkələrin daha ağır təsirlə üzləşəcəyi bildirilir.

Dünyanın ən böyük gübrə istehsalçılarından biri olan “Yara” şirkəti də İran böhranının Afrikanın bəzi bölgələrində ərzaq çatışmazlığı yarada biləcəyini açıqlayıb.

Analitiklər hesab edir ki, dünya artıq yalnız neft qiymətlərini deyil, “səssiz ərzaq böhranı”nı da ciddi şəkildə izləməlidir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar