SON XƏBƏRLƏR

İran rəhbərinin müşaviri: Hörmüz bizim üçün “atom bombası” kimidir

2026.05.08, 22:30
İran rəhbərinin müşaviri: Hörmüz bizim üçün “atom bombası” kimidir

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, İran rəhbərinin müşaviri Məhəmməd Möxber Hörmüz boğazına nəzarəti İran üçün “atom bombası səviyyəsində imkan” adlandırıb və Tehranın son müharibədə əldə etdiyi nəticələrdən geri çəkilməyəcəyini bildirib.

Möxber cümə günü hökumətyönlü mediaya açıqlamasında deyib: “Bu müharibə ilə əldə etdiklərimizi heç bir şəkildə itirməyəcəyik.”

O həmçinin vurğulayıb: “Əgər beynəlxalq baxımdan imkan olsa, Hörmüz boğazının hüquqi rejimini dəyişəcəyik, əks halda bunu öz daxili qanunlarımızla həyata keçirəcəyik.”

Bu açıqlamalar İran rəsmilərinin son müharibədən sonra Hörmüz boğazında vəziyyətin əvvəlki vəziyyətə qayıtmayacağını dəfələrlə bəyan etdiyi bir vaxtda səslənib.

ABŞ və Qərb ölkələri isə İranın Hörmüzdə hərəkətə nəzarət planlarını rədd edib. ABŞ dövlət katibi Marko Rubio cümə günü bildirib ki, İranın beynəlxalq su yoluna nəzarət etməyə çalışması Vaşinqton üçün “qəbulolunmazdır”.

Rubio əlavə edib ki, beynəlxalq dəniz yolları üzərində birtərəfli nəzarət qəbul edilə bilməz.

Məhəmməd Möxber çıxışının başqa hissəsində Birləşmiş Ərəb Əmirliklərini də hədələyərək deyib ki, bu ölkə “cəzalandırılıb və daha çox cəzalandırılacaq”.

İran müharibənin başlanmasından bəri dəfələrlə BƏƏ-nin müxtəlif bölgələrinə raket və pilotsuz aparat hücumları həyata keçirib. Bu hücumlar Tehranla Körfəz ərəb ölkələri arasında gərginliyi daha da artırıb.

İran rəhbərliyinin son açıqlamaları Hörmüz boğazını regional və beynəlxalq təzyiq alətinə çevirmək strategiyasının davam etdiyini göstərir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar