SON XƏBƏRLƏR

İran və Oman arasında Hörmüz anlaşmazlığı

2026.07.03, 11:27
İran və Oman arasında Hörmüz anlaşmazlığı

SEPAH Oman tərəfdəki mənbələr vasitəsilə Hörmüz Boğazındakı gəmiçilik məlumatlarına çıxış əldə etməyə çalışır. Oman boğazın sahilyanı dövləti, həm də davam edən danışıqların vasitəçisi və hüquqi çərçivəsinin əsas müəllifi olduğuna görə SEPAH-ın bu cəhdi xüsusi önəm daşıyır.

Gunaz.tv

İran əldə edəcəyi məlumatlarla boğazın Oman sahillərindən keçən gəmilərə mane olmağı hədəfləyir.

İranın danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf iyunun 23-də Omanda bildirib ki, Hörmüz boğazının idarə olunması müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq. Onun sözlərinə görə, Tehran Çin və Misirlə apardığı danışıqlarda Dardanel boğazı modelinə uyğun olaraq gəmilərdən “xidmət haqqı” alınması ideyasını gündəmə gətirib.

Lakin Omanın xarici işlər naziri Bədr əl-Busaidi iyunun 25-də ABŞ dövlət katibi Marko Rubioya bildirib ki, Hörmüz boğazının idarə olunması ilə bağlı mümkün mexanizm ödənişli keçid sistemini nəzərdə tutmur.

İran rəsmilərinin sözlərinə görə isə, İran və Oman Hörmüz boğazı üzərində birgə suverenliyə malikdirlər və memorandumda müəyyən edilmiş 60 günlük müddət başa çatdıqdan sonra onlar boğazın birgə idarə edilməsinə və gəmilərdən rüsum toplanmasına başlayacaqlar.

ABŞ isə Hörmüz boğazını beynəlxalq su yolu hesab edir və bildirir ki, burada tətbiq olunacaq hər hansı yeni idarəetmə mexanizmi Ərəb körfəzi ölkələrinin razılığı olmadan qüvvəyə minə bilməz.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də daha əvvəl İranla koordinasiya olmadan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinə təminat verilə bilməyəcəyini bəyan etmişdi. O xəbərdarlıq edib ki, belə koordinasiya həyata keçirilməzsə, müəyyən edilmiş marşrutların fəaliyyəti dayandırıla bilər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar