SON XƏBƏRLƏR

Oman Hörmüz boğazından keçidə görə rüsum alınmasına rəsmi etiraz etdi

2026.07.09, 19:22
Oman Hörmüz boğazından keçidə görə rüsum alınmasına rəsmi etiraz etdi

Oman İranın planına "yox" dedi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Bloomberg agentliyi cümə axşamı xəbər verib ki, Oman Hörmüz boğazından keçən gəmilərdən rüsum alınmasına qarşı olduğunu rəsmi şəkildə BMT-yə bağlı Beynəlxalq Dəniz Təşkilatına bildirib.

Bu mövqe ABŞ və İsrailin İran ərazisinə hücumundan sonra səsləndirilib. Həmin vaxt SEPAH ilk addım olaraq Hörmüz boğazından icazəsiz keçəcək bütün gəmiləri hədəfə alacağı ilə hədələmişdi.

Müharibə başlayandan bəri İran rəsmiləri dəfələrlə bildiriblər ki, Hörmüz boğazının idarə olunması son nəticədə bu su yolunun şimal və cənub sahillərində yerləşən İran və Omanın səlahiyyətində olacaq. Onların sözlərinə görə, boğazın idarə olunması və keçid haqqının müəyyən edilməsi ilə bağlı qərarı iki ölkə verəcək.

Bununla belə, Oman indi fərqli mövqe nümayiş etdirərək Hörmüz boğazından keçən gəmilərdən hər hansı rüsum alınmasına qarşı olduğunu Beynəlxalq Dəniz Təşkilatına rəsmi şəkildə çatdırıb.

Bloomberg nümayəndələrin təşkilatın iclasında dediklərini belə təqdim edib: “Oman Sultanlığı bir daha təsdiq edir ki, beynəlxalq dənizçilikdə istifadə olunan boğazlardan keçid hüququ beynəlxalq hüquqla təmin edilir. Oman bu hüquqi prinsiplərə tam sadiqdir və Hörmüz boğazından keçən gəmilərdən keçid haqqı alınmasını dəstəkləmir.”

 


Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar